Tural İsmayılov: İndiki halda Ukrayna bütün ölkələr üçün “gözü çıxmış qardaş” timsalı olmalıdır
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə bu danılmaz bir həqiqətdir ki, Batının bəlli dairələri “rəngli inqilablar” ixrac edərkən heç vaxt hədəf seçilmiş ölkələrin və xalqların mənafeyini, gələcəyini, sabitliyini düşünməyib. Biz bunu daha əvvəl Gürcüstanda, hazırda isə Ukraynada açıq aydın şəkildə görürük”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Tural İsmayılov deyib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə müharibədə ABŞ-ın göstərdiyi kömək müqabilində ondan nadir metallar almaq istəyir. D.Tramp bu barədə fevralın 3-də Ağ Evdə jurnalistlərə bildirib. ABŞ prezidenti deyib ki, o, Vaşinqtonun Kiyevə ayırdığı 300 milyard dollara yaxın yardıma uyğun olaraq oxşar razılaşma əldə etmək istəyir. Əslində isə bu, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə, belə deyək, “əl qoymaq” niyyətindən xəbər verir.
Öz növbəsində məsələyə münasibət bildirən T.İsmayılov deyib ki, əslində burada təəccüblü heç nə yoxdur: “Çünki Batı imperializmi hər zaman yalnız özünün məqsədlərini güdüb. Batı imperializmi üçün hansısa xalqların, hansısa dövlətlərin maraqları mövcud olmayıb, bu gün də mövcud deyil. Batının yalnız öz marağı var və bu marağın təmin olunması üçün onlar bütün çirkin üsullara əl atır, bütün vasitələrdən istifadə edirlər. Ümumiyyətlə isə Batının öz maraqlarına çatmaq üçün üstünlük verdiyi əsas prinsip dağıdıcılıq, müharibələr, toqquşmalar yaratmaqdır. Bunu biz bu gün əyani şəkildə Ukraynaya münasibətin timsalında görürük. Batı öncə Ukraynada “rəngli inqilab” etdi, Maydan proseslərini körüklədi, sonra isə Ukraynanı qızışdırıb, Rusiya ilə müharibəyə sövq etdi. Gəlinən nəticə isə ortadadır. Ukraynanın bir hissəsi Rusiya tərəfindən hərbi yolla işğal olunub, yerdə qalan hissəsini isə ABŞ iqtisadi yolla işğal etməyə hədəfləyib”.
Politoloq deyib ki, bütün bu baş verənlər Batının iç üzünü bir daha nümayiş etdirir: “Növbəti dəfə bəlli olur ki, Batı etibarsız tərəfdaşdır. Batıya ümid olub hansısa addım atmaq təhlükəlidir. İndiki halda Ukrayna bütün ölkələr üçün “gözü çıxmış qardaş” timsalı olmalıdır. Onu da deyim ki, Ukraynanı nə AB-yə, nə də NATO-ya üzv qəbul etməyəcəklər. Sadəcə Batı, konkret olaraq Birləşmiş Ştatlar Ukraynanın çıxılmaz vəziyyətindən istifadə edək, bu ölkənin siyasi rəhbərliyin şantaj edir. Belə deyək, Ukraynan əlində qalan yeganə təbii sərvətlərini də onun əlindən almaq istəyir. Bütün bunlar isə son nəticədə Batının ikiüzlüyünü, qeyri-səmmiliyini, imperiya xislətini bir daha ortaya qoyur”.
İlk şərhi yaza bilərsiniz