BAYRAQDAR MEDİA – Kosovanın yeganə türk bələdiyyəsi olan Mamuşada tikiləcək Türk mədəniyyət mərkəzinin təməli mərasimlə qoyulub.
Bu barədə Kıbrıs Postası məlumat yayıb.
Bildirilib ki, “təməlqoyma mərasimində Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Angılı, baş konsul Celal Doğan, Kosova Demokratik Türk Partiyasının (KDTP) sədri və Regional İnkişaf naziri Fikrim Damka, KDTP millət vəkilləri Fidan Brina Cılta və Enis Kervan, Mamuşa Bələdiyyəsinin sədri Abdülhadi Krasniç və Kosovadakı türk qurumlarının nümayəndələri iştirak edib”.
Məlumata görə, mərasimdə çıxış edən səfir Angılı deyib: “Mamuşanın burada yeganə türk bələdiyyəsi olaraq ürəyimizdə, Türkiyənin ürəyində xüsusi yeri var. İnanıram ki, indiyə qədər kənd təsərrüfatında Kosovaya nümunə göstərdiniz, bundan sonra da belə layihələrlə nümunə olacaqsınız”.
Fikrim Damka isə Mamuşanın hər sahədə inkişafına dəstək olduqlarını qeyd edib.
Layihənin həyata keçirilməsinə dəstək verən qurumlara təşəkkür edən Bələdiyyə Başçısı Krasniç mamuşalıların mədəni fəaliyyətlərini həyata keçirə və kitabxanasından yararlana biləcəkləri mərkəzin tikintisinin tez bir zamanda başa çatdırılmasını arzulayıb.
İlk şərhi yaza bilərsiniz