Press "Enter" to skip to content

Yeni hədəflərə doğru

Tədbirdən xatirə fotosu

Yaxud, Hədəf STEAM Liseyin təşkil etdiyi beynəlxalq tədbirdə təhsildə yeniliklər və texnologiyanın zəfərindən bəhs edilib

BAYRAQDAR MEDİA – Təhsil sahəsində bir sıra mütərəqqi yeniliklər və davamlı proqramlaırn reallaşması ilə fərqlənən Hədəf STEAM Liseyi 2025-ci ildə də bu istiqamətdə yeni hədəflərə çatmaq niyyətindədir. Bu barədə Bakıda keçirilən Beynəlxalq “Hədəfdə STEAM – 7” interaktiv təlim-treninqində məlumat verilib.

Bununla bağlı Liseydən BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilib.

STEAM metodunun incəlikləri müzakirə edilib

Bildirilib ki, “tədbir Hədəf STEAM Liseyi və “Robotzade” Türkiyənin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, EduHek Konsaltinq, ELTA Beynəlxalq İngilis Dili İmtahan Mərkəzi və Hədəf Global tərəfdaşlığı ilə reallaşıb. İnteraktiv təlim-treninqində eyni zamanda 200-ə yaxın müəllim heyəti və təhsil işçiləri iştirak edib. Genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək üçün təşkil olunan tədbirdə həm Azərbaycan, həm də beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə edilib”.

Dünyadakı müasir çağırışlardan söz açılıb

Məlumata görə, Dövlət Himni ilə açıq elan edilən tədbirdə moderator Nərmin Səlimova təlim-treninqin əsas vəzifələri, qarşısına qoyduğu məqsədlər haqqında məlumat verib: “Sonra Hədəf Şirkətlər Qrupunun baş direktoru və Hədəfdə STEAM layihəsinin rəhbəri Şəmil Sadiq, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, “Educo group”un ortaq icraçı direktoru Kadir Özer, Qazaxıstan və Qırğızıstan nümayəndələri olan Nurbolat Nyşanbayev və Akınbek Ergeşov çıxış ediblər. Natiqlər “Hədəfdə STEAM – 7” layihəsinin əhəmiyyətindən danışıb, dünyadakı müasir çağırışlardan söz açıblar.

Təhsil sahəsində STEAM metodunun müasir dövrün tələblərinə uyğun tətbiqi və XXI əsrin bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulan bu tədbirdə yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktiki dərsləri təqdim olunub”.

61 müəlliminin iştirakı ilə ümumilikdə 60 dərs təşkil edilib

Məlumatda o da qeyd edilib ki, çıxışlarda STEAM metodu, bu metodun Azərbaycan, eləcə də Türkiyə, Qırğızıstan və Qazaxıstanda tətbiqi, perspektivləri, faydaları, təhsildə süni intellekt və müasir texnologiyaların tədris prosesinə təsiri, teleportasiya maşını, elmin, texnologiyanın sərhədlərini genişləndirən yeni yanaşmalar, təhsil blokları təqdim edilib.

Təlim-treninq zamanı
Təlim-treninq zamanı

Bildirilib ki, “sözügedən təlimlər 5 əsas bloka bölünüb: Junior, ICT, Nature, humanitar və xarici dillər. Tədbirdə Hədəf Liseyinin 61 müəlliminin iştirakı ilə ümumilikdə 60 dərs təşkil edilib. Həmçinin adı çəkilən xarici ölkələrən ümumilikdə 50 nəfər təhsil işçisi iştirak edib. Təlim-treninqdə süni intellektin təhsildə inqilabi rolu, tətbiqi, STEAM metodunun tədris proqramlarına effektiv inteqrasiyası, bu layihələrin real faydaları, uğurlu tətbiq nümunələri, elm və texnologiyada gələcək trendlər öyrədilib. Müəllim və şagirdlərin hazırladıqları 3D modellər, resurslar və ekoloji mövzulara dair kompozisiyalar təqdim edilib”.

“STEAM Azərbaycan” öz layihələrini təqdim edib

Yeri gəlmişkən, tədbir çərçivəsində “STEAM Azərbaycan” öz layihələrini təqdim edərək sahibkarlıq və texnologiya mövzularında dəyərli məlumatlar verib: “STEAM konseptinə ART əlavə etməklə milli adət-ənənələrimizi və qədim sənət nümunələrini qorumaq təşviq olunub. Bundan başqa, Şəkinin şəbəkə ustası Tofiq Rəsulov da tədbirdə iştirak edib. Onun tarix dərsində fənn müəllimi ilə birgə iştirakı təmin olunub. Tədbir zamanı şagirdlərin asudə vaxtlarında kitab oxumaq, şahmat oynamaq və ox atmaq kimi fəaliyyətlərinə qoşulmaq imkanı yaradılıb”.

Liseydən verilən məlumatda əlavə edilib ki, tədbirin əsas məruzəçiləri və mövzuları aşağıdakılar olub: “ADPU STEAM Mərkəzinin rəhbəri, dosent Arzu Daşdəmirov – “STEAM metodunun orta məktəb kurikulumlarına inteqrasiyası”; ASAN xidmətin sədr müavini, rəqəmsal və innovasiyalar üzrə ekspert Ceyhun Salmanov – “Təhsildə süni zəka”; Oş Dövlət Universitetinin dekanı, professor Çinarə Kulueva – “Qırğızıstanda STEM təhsilinin əsas çağırışları və perspektivləri”; Türkiyə Robotzadə şirkətnin mütəxəssisi STEM və innovasiya mentoru Ahmed Bahadır Özdemir – “Teleportasiya maşını necə hazırlanır?”; Qazaxıstanın Merkan rayonu Jambıl vilayətinin “Şabıt” Məhdud Məsuliyyətli Tərəfdaşlıq məktəbinin direktoru Nurgül Tolenovna Şulakova – “Özəl məktəblərdə STEM dərslərinin keçirilməsinin xüsusiyyətləri”; “SERCE Akademi” Rəqəmsal Təhsil Platformasının qurucusu Mert Doğan – “STEM çalışmaları və faydaları”.

Tədbir zamanı
Tədbir zamanı

“İki günlük Təlim-treninqin əsas məqsədi təhsil sahəsində yeni yanaşmalarla müəllimlərin bilik və bacarıqlarını artırmaq, elm və texnologiya sahəsindəki yeniliklərdən ilham almaqdır. Təlim-seminarların ardınca iştirakçılar öz ixtisas fənləri üzrə qruplara bölünüblər. Beləcə, müəyyən olunan bloklar üzrə təlimlər keçirilib, fərqli metodlarla dərs nümunələri izah olunub. Sonda iştirakçılar sertifikatla təltif olunublar” deyə sonda qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.