Zaur Bayramlı: Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir
BAYRAQDAR MEDİA – “Donald Trampın Birləşmiş Ştatlarda qanunsuz miqrasiya və köçlə bağlı qəbul edəcəyi qərarlar ölkə daxilində hər hansı vətəndaş qarşıdurmasına səbəb olmayacaq. Yəni mən belə bir halını olacağına mümkün hesab etmirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı deyib.
Onun sözlərinə görə, əslində qanunsuz köç məsələsi Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir: “Çünki Birləşmiş Ştatlara yaşamaq üçün xaricdən, qanuni yolla gələnlər uzun müddət çox ciddi şəkildə təhlükəsizlik qurumları tərəfindən, belə deyək ki, ciddi suratdə yoxlanılır, onlar haqqında bütün məlumatlar süzgəcdən keçirilir. Lakin Meksika sərhədindən keçməklə, yaxud digər yerlərdən qaçaq yolla Birləşmiş Ştatlara gələnlər hər hansı bir yoxlamadan keçirilmir. Onlar, belə deyək ki, əlini-qolunu sağlayaraq rahat bir şəkildə Amerkaya daxil ola bilirlər. Təsəvvür edin ki, hər hansı bir şəxs Əfqanıstanda, yaxud hansı Orta Doğu ölkələrinin birində terror törədib, yüzlərlə insanın həyatına son qoyub və gəlib çıxır Meksikaya. Meksikaya da gəlmək o deməkdir ki, artıq bir müddət sonra ABŞ-yə keçə biləcək. Belə bir adam təbii ki Amerika cəmiyyəti üçün potensial təhlükədir. Yəni bu baxımdan mən D.Trampın qeyri-qanuni migrantlarla bağlı atdığı addımların, həyata keçirdiyi siyasətin doğru olduğu düşüncəsindəyəm”.
Zaur Bayramlı qeyd edib ki, məhz Co Baydenin dönəmində ABŞ qanunları elə ölkəni idarə edənlər tərəfindən ayaq altına alındı: “Co Baydenin dönəmində sərhəd tamamilə nəzarətsiz buraxıldı. Düzdür mən iddia etmirəm ki, gələnlərin hamısı mənfi profilli insanlar olub. Təbii ki, Birləşmiş Ştatlara qaçaq şəkildə gələnlər arasında normal insanlar da, hətta ziyaılar, alimlər də var. Lakin bu gəlişlər zamanı müvafiq yoxlama olmadığı üçün kimin normal insan, kimin cinayətkar, təhlükəli insan olduğunu ayırd edə bilmirsən. Bu baxımdan mən Donald Trampın miqrasiya ilə bağlı atdığı addımları bundan öncəki ABŞ rəsimləri tərəfindən pozulan ölkə qanunlarının bərpası kimi nəzərdən keçirirəm”.
İlk şərhi yaza bilərsiniz