Yaxud, azad Xocalıda dünyaya gələn ilk körpə
BAYRAQDAR MEDİA – Dəfələrlə baxsam da doya bilmədiyim, hər baxanda da yeni-yeni məqamlar kəşf etdiyim “Dədə Qorqud” filmində bir məqam xüsusilə xoşuma gəlir. Həmin məqam bundan ibarətdir ki, orada ulu Dədə Qorqud çobana “Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq” deyir.
Bu məqamı indi yenidən niyə xatırlamağımın səbəbinə gəlincə, bu səhər, yəni fevralın 4-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən BAYRAQDAR MEDİA-ya daxil olan bir məlumatı oxuyarkən sevincdən gözlərim yaşardı. Məlumatda deyilir ki, işğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Məlumatda o da bildirilir ki, “Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir”.
Hər cümləsi, hər sözü belə qürur, sevinc və gələcəyə ümid yaradan məlumatın sonuncu hissəsi isə bir başqa dəyərə malikdir: “Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər”.
Bəli, bu məlumatı oxuduqdan sonra bir daha əmin oldum ki, uca tanrı bizim xalqı sevir.
Bu məlumatı oxuduqan sonra bir anlıq düşündüm ki, bu körpə həm də Azərbaycan xalqının 44 günlük Vətən savaşındakı şücaətinə tanrının oğlan payıdır. Elə bir pay ki, o, atası və atasının timsalında Vətən müharibəsinin bütün iştirakçısı, qaziləri, müharibə veteranlarının qanı, canı bahasına azad etdikləri bu torpağı gələcəkdə də qorumaq üçün, Dədə Qorqud timsalı əkib, becərib, yaşatmaq üçün gəlib bu dünyaya.
Axı biz uzun illər torpaq həsrəti çəkərkən torpaqlarımızı mənfur qonşularımızın işğalından azad edəcəyimizə olan inamı bir an belə itirməmişik. “Bir gün o torpaqlar azad ediləcək və biz yenidən həmin torpaqları cənnətə çevirəcəyik” ümidimizi heç zaman öldürməmişik. Elə o inam, ümid, həmçinin Azərbaycan Prezidentinin qətiyyəti və ordumuzun misilsiz şücaəti sayəsində də işğala son qoymuşuq. Ermənilərin uzaq-yaxın xarici havadarlarının hərtərəfli dəstəyi ilə 30 il işğal altında saxladıqları həmin torpaqlar artıq azaddır.
Və bu məqamda da yenə ulu Dədə Qorqudun həmin filmdəki dəyərli kəlamı yada düşür : “Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz”.
Bəli, biz hər iki məqama əməl edirik. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu torpaqlarımızı yağılardan azad etdi. Bu gün isə o torpaqları, ümumilikdə bütün Vətən torpaqlarını göz bəbəyi kimi qoruyuruq. Eyni zamanda işğala son qoyulandan dərhal sonra həmin ərazilərdə quruculuq-bərpa işləri başlandı. Bu proses hazırda da davam edir. Bu quruculuq həm də həmin topraqların Dədə Qorqud öyüdündə deyildiyi kimi əkib-becərilməsi, yəni əbədi Azərbaycan yurdu qalması üçün vacibdir.
Kimsədə şübhə yoxdur ki, azad Xocalıda, Ballıcada dünyaya gələn o körpə də ata-babalarının qanı-canı bahasına azad etdiyi həmin torpağa sahib çıxacaq. Elə isə yenə də ulu Ozanımızın dili elə deyək:
İşimiz avand, torpağımız bərəkətli olsun.
Çağlayıb axan sularımız qurumasın.
Qanadlarımız qırılmasın.
Uca dağın ocaqları həmişə yanar dursun.
Sözardı: Mənim taleyimə 1973-cü il fevralın 26-da anadan olmaq düşüb. Dostlar və qohumlar yaxşı bilir ki, Xocalı işğalda olduğu illərdə heç zaman ad günü xüsusi təmtaraqla keçirməmişəm. Amma Xocalı artıq işğaldan azad edilib, üstəlik Xocalıda artıq ilk körpə dünyaya gəlib. Necə deyərlər uzun illər axıtdığımız kədər göz yaşlarımız artıq sevinc göz yaşlarımızla əvəzlənir. Elə bu sevinc fonunda da düşünürəm ki, tanrı qismət etsə bu dəfə ad günümü azad Xocalıda qeyd edim…
İlk şərhi yaza bilərsiniz