BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərə görə, sənədi Mərkəzin direktoru Akif Marifli və İnstitutun rektoru Eldor Şermanov imzalayıblar. Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında mədəniyyət, incəsənət, musiqi, təhsil, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar. Milli musiqi sənətinin araşdırılması, inkişafı, musiqi təhsili üzrə mübadilə proqramları, ortaq mədəniyyət festivalları, sərgilər və konsert proqramlarının təşkili də həyata keçiriləcək.
Bildirilib ki, Mərkəz tərəfindən İnstitutda “Azərbaycan ocağı”nın yaradılması da nəzərdə tutulur. Burada Mədəniyyət Mərkəzinin “Azərbaycan ocağı”nın Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı nəşrlərlə və milli musiqi alətləri ilə təminatını da öz üzərinə götürməsi nəzərdə tutulur.
Həmçinin, Özbək Milli Musiqi Sənəti İnstitutu öz imkanlarından istifadə edərək Azərbaycan dilinin, musiqisinin, mədəniyyətinin tədrisini təşkil edəcək və bu işdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edəcəkdir.
İlk şərhi yaza bilərsiniz