BAYRAQDAR MEDİA – Fevralın 4-də Azərbaycanın (həm də qardaş Türkmənistan və Özbəkistanın) Xalq artisti, diplomat, siyasətçi və sözün həqiqi mənasında sevimli sənətçi Polad Bülbüloğlunun 80 yaşı tamam olur. O, bu yubiley yaşını azad edilmiş Şuşanın Azərbaycan Milli Məclisindəki təmsilçisi – deputatı kimi qeyd edir.
…Ustadla bizim də yolumuzun qısaca kəsişdiyi bir vaxt olub. 19 il öncə – 2006-cı ilin iyununda Polad Bülbüloğlu Rusiyada Azərbaycan səfiri ikən Ermənistanın səfiri Oleq Yesayanla birlikdə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşünü – müzakirələrini təşkil etmişdi. Bu işdə Rusiyanın tanınmış simalarından olan Mixail Şvıdkoy vasitəçilik edirdi. Kiçik bir qrup idik hər iki tərəfdən.
Sözüm o görüş və müzakirələrlə bağlı deyil. Demək istədiyim Polad Bülbüloğlu şəxsiyyətinin möhtəşəmliyini göstərən və gözümlə şahidi olduğum bir durumdur…
Biz orada olduğumuz bir neçə gün ərzində – bütün görüşlərdə, ziyarətlərdə, müzakirələrdə Polad Bülbüloğlu yanımızda – bizimlə bir sırada oldu. O, hətta öz vəzifə maşınını da buraxıb bizim üçün ayrılmış minibusda hərəkət edirdi. Yəni “siz gedin, mən də gəlirəm” olmadı bircə dəfə də…
Şəxsi səbəbdən mən Bakıya qrupdan ayrılaraq tək və tez qayıtmalı idim. Ona görə də sonuncu günün ortaq naharını bir qədər irəli çəkmişdilər ki, mən də iştirak edə bilim.
Naharda iştirak etdim də. Lakin əsas olan bu deyil, bundan da maraqlı bir məsələdir.
Biz qrupumuzla – səfirimiz Polad Bülbüloğlu başda olmaqla ortaq nahar üçün Moskvadakı “Ədəbiyyatçılar evi”nə gəldik. İçəri daxil olanda ümumi böyük salondakı masaların arxasında oturmuş insanların demək olar ki, hamısı ayağa qalxıb Polad Bülbüloğluya sarı gəldi. Bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə görmək lazım idi. Özəlliklə də xanımlar Azərbaycanın qüruru olan bu böyük şəxsiyyətə yaxınlaşıb onu bağrına basaraq salamlaşmaq üçün növbəyə durmuşdu. Bilənlər bilir, “Ədəbiyyatçılar evi” Moskva elitasının toplaşdığı, görüşdüyü sayğın bir yerdir. Yəni oradakılar elə-belə adamlar deyildi…
Bir Azərbaycanlı olaraq bundan o qədər qürurlanmışdım ki…
Sonra Ermənistanın səfiri Oleq Yesayan gəldi. Onun necə qarşılanması isə bir başqa cür heyrətamiz oldu. Təsəvvür edirsinizmi, o boyda salonda bir nəfər belə heç dönüb Ermənistan səfirinə sarı baxmadı da. Sanki bir təsadüfi adam içəri daxil olmuşdu, heç kimin də vecinə deyildi…
Oleq Yesayana belə münasibət şəxsimi bir daha qürurlandırmışdı o anlarda…
Polad Bülbüloğlu o səfərimizdə bizə qarşı çox diqqətcil idi. Sadə, qayğıkeş, açıq sözlü bir insan idi bizim səfirimiz. Düzdür, onun bu özəllikləri haqqında onsuz da eşitmişdik, bilirdik. Amma şəxsən görmək, hiss etmək də bir başqa idi…
Sonrakı illərdə dəfələrlə demişəm, yazmışam ki, Rusiyada Azərbaycanı səfir kimi təmsil edəcək şəxs məhz Polad Bülbüloğlu boyda – çəkidə olmalıdır. Çünki onun üçün Moskvada, elə Rusiyanın başqa böyük mərkəzlərində aça bilməyəcəyi qapı yox idi. Belə bir şəxsin ölkəmizi təmsil etməsi, əlbəttə ki, əlavə üstünlük idi…
Haşiyə: Hazırda Rusiyada Azərbaycanın səfiri Rəhman Mustafayevdir. Xeyli müddətdir fəaliyyətini izləyirəm. Moskvadan öncəki təyinatları haqqında da yetərincə məlumatlıyam. Uğurlu, çalışqan bir diplomatdır. Moskva kimi mürəkkəb bir yerdə baş çıxara biləcəyinə də şübhəm yoxdur. Amma onun özü də qəbul edər ki, Polad Bülbüloğlu bir başqa idi o vəzifədə…
…2024-cü ildə Polad Bülbüloğlu məhz Şuşadan deputatlığa namizəd olanda bunu ikiəlli dəstəklədiyimi bəyan etmişdim. Həm onun şəxsi keyfiyyətləri, əslən Şuşadan olması, üstəlik də bu qədər möhtəşəm bir şəxsiyyəti MM üzvü kimi fəaliyyətinin uğurunun təminatçısıdır. Ona görə də Ustadın növbəti deputatlığını da alqışladım…
İndi Polad Bülbüloğlu 80 yaşını azad Şuşanın deputat təmsilçisi kimi qeyd edir. Mən onun ata yurdunda – Şuşadakı evlərində bir neçə dəfə olmuşam. Bərpa edilib, ev-muzey gələn-gedənlə dolub-daşır. Bülbülün işğaldan öncəki büstü erməni vandalizminin nişanələri ilə həyətdə sərgilənir. Bir az aralıda da yeni büstü qoyulub. Yəni belə bir durumda Polad Bülbüloğlu ən doğru seçimi edib, deputatlığa üstünlük verib və tam əminliklə deyirəm ki, MM-in 125 deputatı arasında bu kürsüyə ən layiqli olanların önündə gedir o!
Böyük Ustadı yubiley yaşı münasibətilə təbrik edirik. Sevilən sənətçi, xalq adamı, diplomat, siyasətçi, deputat və yaşının bu çağında belə şövqünü itirməyən Polad Bülbüloğluna uzun-uzun ömür arzulayırıq. Onun Azərbaycan üçün görə biləcəyi işlər hələ çoxdur. Hətta iş görməsə belə Polad Bülbüloğlu adının belə iş deməkdir. Belə adlar dövrümüzdə elə də çox deyil. Ona görə də qədrini bilməli, qorumalı, yaşatmalıyıq. Ki, millət olaraq biz də yaşayaq.
İlk şərhi yaza bilərsiniz