Press "Enter" to skip to content

General: Ordu quruculuğu asan məsələ deyil

Dr. Yücel Karauz
Şəbnəm TOFİQQIZI
Şəbnəm TOFİQQIZI

BAYRAQDAR MEDİA – Yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızının “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihəsi çərçivəsində yazılarımızı davam etdiririk.

BAYRAQDAR MEDİA-nın media tərəfdaşı olduğu layihə çərçivəsində bu dəfə suallara qardaş Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz cavab verir. Şəbnəm Tofiqqızı həmsöhbətimizdən 2-ci Qarabağ savaşına qardaş ölkədən hərbçi baxışını öyrənməyə çalışıb.

“Ordu quruculuğu sosioloji olaraq çox çətin bir işdir. Həm də zaman alan məsələdir. Dünyada BMT üzvi olan 193 ölkə içərisində ordusu güclü olan dövlət sayı olduqca azdır. Azərbaycan 1991-ci ildə çətinlik çəkdiyi zaman ordusu da çox zəif idi. Həm Sovet sisteminin təsiri, həm ordunun texnoloji və lider personalı baxımından, həm də bilik və bacarıq nöqteyi-nəzərindən əksikliklər çox idi. Lakin Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşü ilə orduya yüksək diqqət başladı”, – deyə Dr. Yücel Karauz mövzuya giriş edir.

Həmsöhbətimiz daha sonra deyir ki, “Ulu Öndər ilk iş olaraq ən yüksək əməyi ordu quruculuğuna sərf etdi. Çünki o, bilirdi ki, Qarabağın azad edilməsi, Ermənistanın işğal etdiyi torpaqların yenidən öz sahibinə – Azərbaycana qovuşdurulması ancaq güclü bir ordu ilə mümkün ola bilər. Ümummilli Liderdən sonra isə onun layiqli davamçısı, indi artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin də əsas diqqət mərkəzində güclü bir ordu quruculuğu var idi və hələ də var”.

Dr. Yücel Karauz 2020-ci ilin 44 günlük Vətən savaşından öncəki 2016-cı ilin aprel savaşını da ayrıca vurğulayır: “dolayısı ilə Qarabağ Zəfərinə qədər aprel döyüşlərini bir örnək olaraq görməyimiz lazımdır. O döyüşdə 1992-ci ildən bəri olan müddətdə Azərbaycan Ordusu ilk dəfə həm sovet sisteminin, həm də NATO-nun taktika və texnikasını təhlil edib özündə birləşdirən dünyanın ən güclü ordularından biri olduğunu göstərdi”.

Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər

“Azərbaycan Ordusunun Qarabağ savaşındakı qələbəsinə nəzər salsaq görərik k, 28 il işğal altında tutulan bir bölgəni bu ordu 44 günlük qısa bir müddət içində azad etməyi bacardı. Bu, Ordunun gücünün göstəricisi idi. Azərbaycan Ordusu bir ordunun söykənməsi gərək olan prinsipləri çox bacarıqlı şəkildə mənimsəyə bildi. Digər bir məsələ də odur ki, Azərbaycan Ordusu başda Türkiyə olmaqla dünyanın modern silahlarını alaraq öz üzərinə düşəni bacarıqla yerinə yetirdi”, – deyə həmsöhbətimiz sözünə davam edir.

General qeyd edir ki, “Ordunun digər bir üstünlüyü də maariflənmiş bacarıqlı bir tərkibin olması idi. Bizdə belə bir söz var: barışda tər tökməyən, savaşda qan tökər. Əslində Azərbaycan işğal altındakı torpaqlarını sülh yolu ilə azad etmək istəyirdi. Lakin bununla paralel olaraq ordunun döyüş hazırlıqlarını da davam etdirirdi. Hərbçilər təhsil almaq üçün hərbi təhsilə cəlb edilir, maarifləndirmə işləri aparılırdı”.

Dr. Yücel Karauz daha sonra deyir ki, 44 günlük savaşda “ordunun zaman və məkan, qüvvət strategiyasının taktikası düzgün seçilmişdi. Əgər qüvvət və məkan faktoru düzgün olmasaydı Azərbaycan Ordusunun itirdikləri bəlkə də 10-12 min olardı. Lakin Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində ordu quruculuğunun düzgün aparılması və siyasətlə birləşdirilməsi nəticəni qələbə ilə bitirdi”.

Həmsöhbətimizin fikrincə, “Azərbaycan Ordusu Qarabağ savaşında həyata keçirdiyi hərbi əməliyyatlarda hava silahları texnologiyasından çox uyğun və düzgün istifadə etdi. Önəmli nöqtələrdən biri də bu idi. Bu, həm də müasir və modern bir ordunun bacarığının göstəricisi idi”.

“Qarabağ savaşında önəmli olan məqamlardan biri də Ali Baş Komandan – dövlət – xalq birliyi oldu. Bu, Ali Baş Komandanın uzaqgörən siyasətinin göstəricisi idi. Çünki döyüşən bir əsgər üçün rəhbərinin, xalqının diqqətini hiss etmək önəmli bir məsələdir. Siyasi liderini öz yanında görməyən bir əsgər savaşmaz. Xalqını arxasında görməyən bir əsgər savaşmaz. Azərbaycan Ordusunun ürəklə savaşaraq ölümün gözünün içinə dik baxması xalqın və siyasi liderin verdiyi dəstək sayəsində olmuşdur. Dolayısı ilə Qarabağ savaşında qısa bir zamanda hər cür əngəl sistemlərinə, hava qüvvələrinə rəğmən qalib olan Azərbaycan Ordusuna xalqın, Ali Baş Komandanın verdiyi dəstək çox önəmli olmuşdur. Digər bir məsələ isə örtük, taktika, yanıltma, xüsusilə Ermənistan hava müdafiə sistemlərinin üzə çıxarılması, köhnə tip uçaqlardan istifadə edilərək hava müdafiə sistemlərinin hərəkətə keçməsi dünya tarixində önəmli bir taktika, yanıltma olmuşdur”, – deyə həmsöhbətimiz vurğulayır.

Silahlar susub, media savaşı isə bitmir

General ona da diqqət çəkir ki, “dünyada siyasi liderlər ordunun baş komandanı hesab olunur. Ancaq bəzən bu, simvolik bir şey hesab edilir. Lakin yer üzündə heç bir siyasi lider Cənab Ali Baş Komandan İlham Əliyev kimi bacarıqlı deyildir. O, nə zaman əsgər paltarını geyinəcəyini, nə zaman dəmir yumruğunu qaldıracağını, nə zaman Müdafiə Nazirliyinə gedəcəyini ən doğru biləndir. İlham Əliyev mülki geyimdə dünyaya diplomatik informasiyanı verməyin gərək olduğunu da göstərərək uyğun yer və zamanda gerçəkdən bir bacarıqlı Ali Bas Komandan olmuşdur. O Ali Baş Komandan olmaqla bərabər özünü həm də Ordunun bir əsgəri kimi aparmağı, yəni şəxsini sıravi əsgərin yerinə qoymağı da bacarır. Ona görə də bu bacarıqlı Ali Bas Komandanın kölgəsi altında dövlət, xalq və ordu birləşmənin ən yaxşı örnəyini sərgiləməyi bacardı”.

General dünyada baş verən proseslər fonunda da Qarabağ savaşı və Azərbaycanın uğurlarını dəyərləndirir: “Ukraynada yaşanan olaylara da diqqət çəkək. Bu olaylar kimlərinsə məqsədlərinə xidmət edir. Bütöv bir ölkə və xalq ayaqlar altındadır, savaş da bitmir hələ ki. Belə bir mürəkkəb şəraitdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyini və Azərbaycan Ordusunun tarix yazdığını, 200 illik hesabı bağladığını dəyərləndirməmək mümkün deyil. Azərbaycan özünün şanlı tarixinə bu qələbəni qızıl hərflərlə yazmağı bacarmışdır. Bu baxımdan Müzəffər Ali Baş Komandanın əsgəri liderliyi Qarabağ Zəfərinin qazanılmasında həlledici rol oynamışdır”.

Müsahibimiz sonda deyir ki, “Qarabağ savaşında döyüşən əsgərlərin qələbəsində əsgər analarının da böyük payı olmuşdur. 28 il boyunca onların anaları öz laylalarında “Qarabağ Azərbaycandır” demişlər. Bu, vacib məsələdir. Vətən sevgisini yaratmaq da ordu quruculuğu qədər asan məsələ deyil. Bu sevgini yaratdığı üçün Azərbaycan analarına da böyük təşəkkür düşür”.

“Qarabağ savaşından sonra da cənab Prezident İlham Əliyev siyasi baxımdan türk ordu modelinə uyğunluğa üstünlük verir. Torpaqları işğaldan azad olunmuş bir xalqın gələcəyi üçün aparılan ordu quruculuğu, yenidənqurma işləri çox uyğun istiqamətdə gedir. Belə bir durumda Qarabağ münaqişəsi zamanı şəhid olmuş insanlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm”, – deyə Dr. Yücel Karauz sözünü bitirir.

Sonda əlavə edək ki, 2020-ci ilin 44 günlük Vətən Savaşında Azərbaycanın arxasında möhkəm dayanması ilə Türkiyə və onun xalqı dünyaya qardaşlığın ən mükəmməl örnəyini sərgiləmişdi. Türkiyə Ordusu Qarabağ torpaqlarında savaşa girməsə də bütün varlığı ilə Azərbaycanın yanında olduğunu göstərmişdi. Ümumiyyətlə isə Türkiyə dövləti, xalqı, mediası bu müqəddəs savaş günlərində hər an Azərbaycanla bir olduğunu göstərməyi bacarmışdı. Elə indinin özündə də Azərbaycanla Türkiyə ət və dırnaq kimi bir-birinə bağlıdır, belə də davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.