“Su şəbəkələrinə qoşulma” işçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib
BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbərliyi ilə həyata keçirilən “Su şəbəkələrinə qoşulma” işçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.
Bu, əlverişli imkanlar yaradıb
Yanvarın 30-da keçirilən tədbiri giriş sözü ilə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açıb.
ADSEA-dan verilən məlumata görə, o, çıxışında su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib: “Vüsal Şıxəliyev bildirib ki, kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb”.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov “Su şəbəkəsinə qoşulma” ilə bağlı cari il ərzində görülmüş işlər və əsas nəaliyyətlər haqqında məlumat verib. O, çıxışında “Bizness Ready” layihəsinin Azərbaycanın biznes və investisiya mühitinə qiymətini, islahatların formalaşmasına mühüm rolunu və sahibkarlara dövlət dəstəyini vurğulayıb.
Ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışılıb
Məlumatda deyilir ki, tədbirdə İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov da çıxış edib.
E.Məmmədov çıxışında iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb: “Sonra gündəliyə uyğun olaraq su şəbəkəsinə qoşulma üzrə “Bir pəncərə” sisteminin tam işə düşməsi, qoşulma üzrə prosedurların və vaxtın, eləcə də xərclərin minimuma endirilməsi, 2024-cü il Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin müzakirəsi və əsas nailiyyətlər, qoşulma üzrə rəy verən qurumlar arasında koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işlər müzakirə olunub”.
2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib
Məlumata əsasən, tədbirdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib.
Qeyd edilib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, “Caspian Enerji Club”un üzvləri, sahibkarlar, qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.
İlk şərhi yaza bilərsiniz