Press "Enter" to skip to content

 İqtisadi birliyin gücləndirilməsi diqqət mərkəzindədir

Forumdan xatirə fotosu

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

BAYRAQDAR MEDİA – Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Forum Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər”.

Məlumata əsasən, tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib: “Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondustrateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır”.

Məlumatda vurğulanıb ki, biznes forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib: “Tədbirdə TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov,Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, həmçinin biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər. Tədbir B2B formatında görüşlərlə davam etdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.