Press "Enter" to skip to content

Yubiley layihəsi çərçivəsində növbəti konfrans

Konfransdan xatirə fotosu

Lənkəranda keçirilən konfransda region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusundabilik mübadiləsi aparılıb

BAYRAQDAR MEDİA – Yanvarın 25-26-da Lənkəran şəhərində Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində növbəti konfransı keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 28-də Azərbaycan Pediatrlar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, “Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə keçirilən konfransın əsas məqsədi, uşaq sağlamlığının inkişaf dinamikasında əhəmiyyətli amilləri ön plana çıxarmaq, profilaktika, erkən diaqnostika və müalicə metodlarını təkmilləşdirmək, milli pediatriyanın üzləşdiyi çətinliklərə həll yolları təklif etmək, həmçinin regionlarda səhiyyə xidmətlərinin inkişafına yönəlmiş yeni strategiyaları müzakirə etmək olub”.

Məlumata görə, “Pediatriyanın aktual problemləri” mövzusuna həsr olunmuş konfransda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Mingəçevir şəhərlərindən iki yüzə yaxın həkim və mütəxəssis iştirak edib: “Bu mühüm tədbir milli səhiyyə sistemində ana və uşaq sağlamlığının prioritet olaraq qorunması, erkən diaqnostika və müalicə sahəsində müasir yanaşmaların tətbiqini nəzərdən keçirməyə imkan yaradıb. Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə açılış nitqində layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda təşkil olunan bu konfranslar pediatriya sahəsində aktual problemləri, innovativ həlləri və yeni yanaşmaları geniş şəkildə müzakirə etmək üçün mühüm platforma rolunu oynayır, eyni zamanda region həkimlərinin təcrübə və bilik mübadiləsi aparması, milli səhiyyənin inkişafına töhfə verir. Alim “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiyanın, ətraf mühitin uşaq sağlamlığına təsiri” “Uşaqlarda kəskin bağırsaq infeksiyası” və “Susuzlaşmanın dərəcələrinin pediatrik praktikada diferensasiyası” mövzularında təqdimatlarla çıxış edib”.

Məlumata əsasən tədbir zamanı müasir pediatriyanın tətbiqi aspektləri, uşaqlarda müxtəlif xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası haqqında geniş təqdimatlar edilib.

Qeyd olunub ki, allergik, pulmonoloji, endokrinoloji, qastroenteroloji, hematoloji və metabolik xəstəliklərin müasir yanaşmalarla müalicəsi diqqət mərkəzində olub. Konfransda müxtəlif mövzularda məruzələr səsləndirilib. Məruzlərdə ana və uşaq sağlamlığını səhiyyə xidmətlərində daha vacib edən mühüm səbəblər, hamiləlik, böyümə və inkişaf prosesləri zamanı xəstəlik və ölüm hallarına səbəb olan bioloji xüsusiyyətlər və s. məsələlərdən bəhs edilib. Konfransda master-klas keçilib. Məlumatda vurğulanır ki, konfransın ikinci günü müxtəlif sahələrdə çalışan uşaq həkimləri ilə “Sağlam həyat tərzinin təşviqində pediatrların rolu” mövzusunda dəyirmi masa keçirilib, bu sahədə olan çətinliklər və onların həll yolları müzakirə edilib: “Sonda iştirakçılara Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilmiş sertifikatlar təqdim olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.