Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının yeni hədəfləri

Prof. Dr. Mehmet Yüce

Prof.Dr. Mehmet Yüce: TDT formalaşmaqda olan yeni dünya düzənində aparıcı aktorlardan biri olmaq üçün önəmli addımlar atır

BAYRAQDAR MEDİA – “Bu gün türk dünyası Türk Dövlətləri Təşkilatının (TDT) timsalında qlobal məkanda öz sözünü deyir. Həmçinin, TDT formalaşmaqda olan yeni dünya düzənində aparıcı aktorlardan biri olmaq üçün önəmli addımlar atır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Prof.Dr. Mehmet Yüce deyib.

O, bildirib ki, bu, olduqca ümidvericidir: “Eyni zamanda, kimsəyə sirr deyil ki, bunun üçün çətin və şərəfli bir yol qət edilib. Türk dövlətlərinin bir araya gəlməsi prosesinin əsası 1992-ci ildə qoyulub. Belə ki, bu proses 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliklərini elan etmiş türk dövlətləri arasında əməkdaşlığın təmin edilməsi üçün Türkiyənin səyi ilə 1992-ci ildə Ankarada keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısı ilə başlayıb. 2009-cu ildə Naxçıvan sazişinin imzalanması nəticəsində Türk Şurasının yaradılması ilə institutlaşan bu əməkdaşlıq 2021-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması ilə yeni və daha mühüm mərhələyə qədəm qoyub”.

Prof.Dr. Mehmet Yücenin sözlərinə görə, geniş bir coğrafiyaya yayılan və ortaq dil, tarix və mədəni dəyərlərə əsaslanan əməkdaşlıq iradəsini təmsil edən TDT, eyni zamanda bölgədə sülh və sabitliyi təmin etməyə çalışır: “Digər tərəfdən, TDT-yə üzv ölkələr arasında ticarət həcmini artırmaq, iqtisadi artımı və regional inteqrasiyanı gücləndirmək məqsədi ilə mühüm addımlar atılır. Bu prosesdə xüsusilə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin liberallaşdırılması kimi sahələrdə konkret addımların atılması davam etdirilir. Prezident İlham Əliyevin təbirincə desək, türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafi ərazini əhatə edir”.

Yeni dönəmdə, konkret olaraq 2025-ci ildə TDT-nin hədəflərinə gəlincə, müsahibimiz aşağıdakıları bildirib: “Nəticədə, TDT 2025-ci ildə tarixi və mədəni əlaqələri, eləcə də coğrafi və strateji mövqeyindən istifadə edərək regional və qlobal bir aktor kimi daha böyük təsir yaratmağı hədəfləyir. TDT üzv ölkələr arasında ümumi müdafiə və təhlükəsizlik əməkdaşlığı, regional sabitliyin qorunması və təhdidlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir. Onu da deyim ki, TDT üzv ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzv ölkələrin təhlükəsizliyini artırmaqla yanaşı, türk dünyasının beynəlxalq aləmdə daha güclü mövqe qazanmasına töhfə verə bilər. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.