Press "Enter" to skip to content

Rus bazarında hamballıq üçün uşaq oxudanlar…

Azər HƏSRƏT

Rusiya elmi pedaqogikasının banisi Konstantin Uşinski: Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!

BAYRAQDAR MEDİA – Neçə gündür Azərbaycan ictimai rəyində rus dilində təhsillə bağlı müzakirələr gedir. Proses maraqlı bir məcraya yönəlib. Biz həmişəki kimi Azərbaycanın öz vətəndaşlarına niyə xarici dildə təhsil verdiyini sorğularkən, rus dilini rusdan çox müdafiə edən vətəndaşlarımız üstümüzə gəldikcə gəlirlər. İddiaları da budur ki, dövlətin öz vətəndaşına arzu etdiyi dildə təhsil vermək öhdəliyi varmış…

Varmı? Əlbəttə var. Amma bu təhsil dövlət hesabına deyil, onu almaq istəyən şəxsin öz hesabına olmalıdır. Yəni pulunu verirsən, təhsilini alırsan! Nəinki rus, istənilən dildə, lap elə ermənicə də təhsil ala bilər bu anti-Azərbaycan dili kəsimi!

Dil məsələsi isə ümumiyyətlə hər bir dövlətin həssas yeridir. Elə Azərbaycanın da. Ona görə də Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinə ayrıca maddə həsr edilib:

Maddə 21. Dövlət dili

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Görürsünüzmü, dövlət öz dili ilə bərabər başqa dillərin də sərbəst işlədilməsi və inkişafını birbaşa Konstitusiya ilə təminat altına alıb! Yəni bizdə heç bir dilə yad münasibət yoxdur. Ona görə də rus dilində təhsillə bağlı müzakirə açdığımızda ikidə bir bunu guya xarici dillərə qarşı olduğumuzla əlaqələndirənlər bir az düşünsünlər. Biz həmişə buna inanmışıq ki, düşmənin də, o cümlədən rusun dilini öyrənmək lazımdır. Amma daha bizdəki kimi 11 il məktəbə gedərək deyil…

Konstitusiyanın başqa bir maddəsində təhsil hüququ təsbit edilir:

Maddə 42. Təhsil hüququ

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Bu yöndə bir narahatlıq varmı? Yoxdur əlbəttə. Azərbaycan dövləti bu konstitusion vəzifəsini tam olaraq yerinə yetirir.

Konstitusiya həm də vətəndaşların ana dilindən istifadəsini təminat altına alır:

Maddə 45. Ana dilindən istifadə hüququ

I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Ümid edirik ki, burada heç bir qaranlıq məqam yoxdur.

İndi isə keçək əsas məsələyə: tədrisin dili. “Təhsil haqqında” Qanun bunu olduqca aydın şəkildə ehtiva edir:

Maddə 7. Tədris dili

7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.

Burada da aydın olmayan bir şey yoxdur. Yəni ölkəmizdə təhsilin dili Azərbaycan dilidir və istisna hallarda başqa dillərdə təhsil təşkil edilə bilər. Lakin bu zaman Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri mütləq dövlət dilində keçilməlidir!

Haşiyə: Gürcüstanda rus dilində təhsil üçün cəmi 54 məktəb var. Onlardan yalnız 11-i tam olaraq rus məktəbidir. Yerdə qalan 43 məktəbdə sadəcə rus bölməsi var. Bu 43 məktəbdən də 36-sı dövlət, 7-si özəldir. Rus bölməsində ümumilikdə 16 min şagird təhsil alır ki, onların da önəmli bir hissəsini Ukrayna, Belarus və Rusiyadan gələnlər təşkil edir. (2023-cü ilin məlumatı)

İndi isə bizi uzun illərdir narahat edən məsələnin üzərinə gəlirik. Ölkəmizdə aşağı-yuxarı 120 min rus yaşayır. Amma orta məktəblərdə rus dilində təhsil alanların sayı 160 mindir! Anormaldır, deyilmi? Halbuki 120 min rusun vur-tut 20 min məktəb yaşlı uşağı var. Yəni rus məktəblərində bu sayda uşaq oxumalıykən ondan düz 8 dəfə artıq tifilimiz yad dildə təhsil alır!

Bizi narahat edən də budur! Bir türk (Azərbaycanlı) öz balasını niyə rus dilində oxutsun axı? Nədir buna sövq edən?

Bu adamların “izahları” var. Amma tutarlı deyil! İddia edirlər ki, rus bölməsində daha keyfiyyətli dərs keçilirmiş! Necə keyfiyyətlidir ki, o bölməni bitirənlərin əksəriyyəti Azərbaycan dilini ümumiyyətlə mənimsəyə bilmir?!

Yaxud da necə keyfiyyətlidir ki, rus bölməsindən məzun olanlar arasında 700 bal toplayaraq ali məktəbə qəbul olunan bir nəfərə də rast gəlinmir?

Başqa bir “izahı” da var bu adamların! Deyirlər ki, sən demə rus dili dünya dili imiş! Düzü, dünyanın ən azı yarısını gəzmiş birisi kimi deyirəm, heç bir yerdə bu dilə ciddi zərurətlə rastlaşmamışam. Türk (Türkiyə) və ingilis dilləri dadıma çatıb hər yerdə! Yəni rus dilini yetərincə yaxşı bilsəm də ona ehtiyac duymamışam bir qayda olaraq.

Bəs bu rus dili nə işə yaraya bilər? Var onun da yaraya biləcəyi bir sahə. Bu da Rusiya bazarlardır! Bəli, rus dili Rusiya bazarlarında işə yarayır! Belə anlamaq olar ki, balasını rusca oxudanların əsas hədəfi onların gələcəkdə Rusiya bazarlarında hambaldan tutmuş satıcıya qədər müxtəlif işlərdə işləməsinə hazırlıqdır…

Haşiyə: Ermənistanda cəmi 3 rus məktəbi var. Həm də bu məktəbləri Rusiya buradakı hərbçilərin uşaqları üçün açıb və özü də maliyyələşdirir. Əlavə olaraq Ermənistanda 45 ayrı məktəbdə rus dilində tədrisin təşkil edildiyi siniflər var. Bundan başqa 63 məktəbdə rus dilinin gücləndirilmiş tədrisi aparılır. Rus dilində oxuyan orta məktəb uşaqlarının sayı ölkə üzrə 4 min 400 və 5 min 600 arasında dəyişir. (2022-ci ilin məlumatıdır)
2024-cü ilin aprelinə olan məlumata görə, Ermənistanın 50-dək məktəbində rus bölməsi var. Bu bölmələrdə ata-analarından biri Rusiya və ya başqa ölkənin vətəndaşı olan uşaqlar oxuya bilər. Yaxud da etnik ruslar vətəndaşlığından asılı olmayaraq uşaqlarını bu məktəblərdə oxuda bilərlər.

Görürsünüz də, ruslar ermənilərə heçdən bir dövlət qurub, onları dünyaya tanıdıb, amma Ermənistan öz hesabına rus məktəbinə izn vermir. Lakin həmin o ruslar bizim olan dövlətlərimizi işğal edib, milli kimliyimizi ayaqlar altına atıb, biz isə onlar üçün rus dilində 350-dək məktəbdə, özü də Azərbaycan dövlətinin hesabına təhsil təşkil edirik!

Hələ bu nədir ki? Rusiya öz ərazisində nəinki Azərbaycan dilində məktəb açmağa izn verir, üstəlik Azərbaycan dilinin hazırkı latın əlifbasının istifadəsini belə rəsmən yasaqlayıb!

Sonda: Bir millətin fərdləri öz ana dilini qoyub yad bir dildən yapışırsa, vay o millətin halına! Bu acınacaqlı durumu aradan qaldırmaq üçün “Təhsil haqqında” Qanuna dəyişiklik etmək, rus məktəblərinin dövlət maliyyələşdirilməsini dayandırmaq lazımdır. Kimsə rusca oxumaq istəyirsə, zəhmət çəkib pulunu ödəsin və oxusun. Azərbaycan dövlətinin və xalqının heç kimin atasına borcu yoxdur ki, onlara rusca təhsil təşkil eləsin!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.