BAYRAQDAR MEDİA – Son iki ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinə 600-dən yuxarı balla qəbul olan tələbələrin sayı artıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “2024/2025-ci tədris ilində fakültənin I kursuna 600-dən yuxarı bal toplayan 78 nəfər qəbul olunub. Onlardan 13-ü 650-dən artıq bal toplayıb. 2023/2024-cü tədris ilində fakültənin I kursuna 600-dən yüksək balla 20 nəfər qəbul olub, onlardan 2-sinin balı 650-dən yüksək olub. Fakültə tələbələri beynəlxalq və respublika olimpiadalarında uğurları ilə seçilirlər. Belə ki, Riyaziyyat üzrə Dünya Olimpiadasında fakültənin tələbələri Vüqar Quliyev I, Amil Cəbiyev isə III yeri qazanıb. Ali məktəb tələbələri arasında Riyaziyyat üzrə Respublika Olimpiadasında fakültənin 1 tələbəsi I, 2 tələbəsi II, 3 tələbəsi isə III yerləri tutub, 6 tələbə həvəsləndirici diplom alıb. Hazırda fakültədə 2 Prezident təqaüdçüsü təhsil alır”.
Daha sonra xəbərdə, “2024-cü ildə fakültə tədris və elmi fəaliyyətində bir sıra mühüm nailiyyətlərə imza atıb. Fakültə əməkdaşlarının son 5 ildə “Web of Science” (WOS) bazasında dərc edilmiş məqalələrinin sayı 123-ə çatıb. 2024-cü ildə isə fakültənin alimləri 163 elmi məqalə nəşr etdiriblər, onlardan 60-ı beynəlxalq, 103-ü isə yerli elmi jurnallarda dərc olunub. Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. 2024-cü ildə fakültədə 114 elmi seminar, 4 ustad dərsi, 76 açıq dərs və Tələbə Elmi Cəmiyyətinin 4 elmi seminarı təşkil olunub. Hesabat ilində fakültə tərəfindən 2 respublika elmi konfransı keçirilib” deyə bildirilir.
Qeyd edək ki, fakültənin professor-müəllim heyəti güclü elmi potensiala malikdir. Fakültədə ümumilikdə 84 professor və müəllim çalışır, onlardan 2-si AMEA-nın müxbir üzvü, 21-i elmlər, 53-ü fəlsəfə doktoru, 18-i professor və 40-ı dosentdir.
İlk şərhi yaza bilərsiniz