BAYRAQDAR MEDİA – Yanvarın 26-da Azərbaycan Rəssamlar İttifaqında Çardaq art-platformasının təqdimatında “Art-küy” sərgisinin açılışı keçirilib.
Sərginin açılışından sonra Çardaq art-platformasının qurucusu və rəhbəri rəssam Elşən Karaca sərgi ilə bağlı BAYRAQDAR MEDİA-ya məlumat verib: “13-19 yanvar tarixlərində Şabran Wellbeing Otelində keçirilən “Art-küy” adlı unikal layihə, Azərbaycan Rəssamlar İttifaqı, Şabran Yaradıcılıq və İstirahət Kompleksinin dəstəyi və rəhbəri olduğum Çardaq art-platformasının təqdimatı ilə incəsənətin müxtəlif sahələrini bir araya gətirdi. Layihənin əsas məqsədi incəsənəti daha anlaşılan və xalqın köklərindən gələn dil ilə təqdim etmək, eyni zamanda, musiqi, poeziya və rəssamlığın ahəngindən ilhamlanaraq yeni sənət əsərləri yaratmaq idi. Layihədə iştirak edən rəssamlar musiqiçilər və şairlərlə birgə işləyərək sənətin fərqli ünsürlərinin sintezindən ilham alıb yeni ideyalar və əsərlər ərsəyə gətirdilər. Layihənin nəticəsi olaraq yaradılan əsərlər Azərbaycan Rəssamlar İttifaqında sərgilənir. Bildirim ki, 26 yanvar tarixində açılışı olan sərgi fevralın 1-dək davam edəcək. Arzu edən hər kəs üçün açıqdır. Gəlib baxa bilərlər”.
Qeyd edək ki, layihədə 10 rəssam – Bəhram Xəlilov, Anar Hüseynzadə, Elşən Karaca, Şəbnəm Karaca, Zümrüd Hüseynzadə, İlqar Tahiri, Təranə Vaqifqızı, Aydın Əsgərov, Qalib Mirzəliyev, Elmar İsmayılzadə və Banu Cabbarlı, iki musiqiçi – bəstəkar və müğənni Anar Bəylər, kamança ifaçısı Aytən Rüstəmli, həmçinin şair və televiziya aparıcısı Nuranə Nur iştirak edib.
İlk şərhi yaza bilərsiniz