BAYRAQDAR MEDİA – Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyon iddia edib ki, dünyaca tanınan həkim, alim, filosof Əbu Əli ibn Sina tacikdir. O, bu fikrini CNN-də ibn Sina ilə bağlı yayımlanmış reportajda onun özbək kimi təqdim edilməsinə etiraz olaraq dilə gətirib. Nazir sərt şəkildə jurnalistlərdən “faktları təhrif etməməyi” tələb edib.
Məsələ qardaş Özbəkistanda da reaksiyalara səbəb olub. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Prof. Şerzodxon Qudratxoca da tacik nazirə yetərincə əsaslı və nəzakətli bir cavab verib.
“Mən xanım nazirə çox dərin hörmətlə yanaşıram, özbək-tacik dostluğu min illərin ötəsinə gedir, lakin Sokrat demişkən, “Əflatun mənim dostumdur, amma həqiqət daha dəyərlidir”.
Bu sözlərlə sosial mediada paylaşım edən Şerzodxon Qudratxoca daha sonra yazıb:
“Birincisi, Orta Asiya dövlətlərinin gerçəkdən birləşməkdə, bütün sahələrdə tam sürətlə iş birliyinin inkişaf etməkdə olduğu, sərhədlərin açıldığı bir tarixi dönəmdə biz, əlbəttə ki, nə danışdığımıza çox diqqətlə yanaşmalıyıq.
“İkincisi, indi ki, söhbət bu mövzudan düşüb – bölgəmizin tarixini diqqətlə öyrənsək, aydın olur ki, IX-X yüzillərdə bölgəmizdə Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan adı altında bölünmə olmayıb.
“Üçüncüsü, o zamanlar – dirçəlişin zirvədə olduğu dövrdə elm və maarifin yüksəlməsinin əsas amillərindən biri azad mühitin olması idi. Bu mühit bölgəmizin vahid coğrafi müstəvisində yaradılmışdı.
“Dördüncüsü, əgər siz günümüzdə internetin axtarış sistemlərinə müraciət etsəniz, belə bir nəticə ilə rastlaşarsınız: Əbu Əli ibn Sina (980-1037) – məşhur həkim, filosof, riyaziyyatçı və alim – Buxara yaxınlığında anadan olub. Onun Vətəni bugünkü Özbəkistanın torpağıdır. Ona görə də ibn Sinanı Orta Asiya əsilli hesab edirlər.
“Beşincisi, sizə demək istərdim ki, ibn Sinanın milli kimliyi ilə bağlı məsələ yersizdir və şübhəsiz ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilər. Təbii ki, üçüncü tərəflər də bu vəziyyətdən öz bəd əməlləri üçün sui-istifadə edəcəklər. Necə ki, biz böyük bir bölgədə yaşayırıq, öz böyük əcdadlarımızın layiqli övladları olmalıyıq. Onlar da bizim kimi bu torpaqlarda yaşayıblar, elm, ədəbiyyat və maarif sahəsində görkəmli zirvələrə yüksəliblər. Həm də “sizin, bizim” demədən.
“Müasirlərimiz və dostlarımız üçün demək istərdim ki, indiki 21-ci yüzildə bizim səviyyəmiz və düşüncə mədəniyyətimiz uyğun şəkildə başqa səviyyədə olmalıdır. Elə bir səviyyədə ki, bunun üzərində gərəksiz münaqişələrə səbəb olub bir-birimizi başa düşə bilməyəcəyimiz bir ortam yaradılmasın”.
İlk şərhi yaza bilərsiniz