BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Qırğızıstanın xarici işlər naziri Ceyenbek Kulubayeb yanvarın 23-də gərəksiz yerə Ermənistana səfər etmişdi. Bu səfər həm Qırğızıstanda, həm də təbii olaraq Azərbaycanda təəccüblə qarşılanmışdı.
Məsələni BAYRAQDAR MEDİA üçün şərh edən Qırğızıstanlı siyasi şərhçi Şeradil Baxtıgülov da fərqli düşünmür. O, açıqlamasında nazir Ceyenbek Kulubayevin Qırğızıstan-Azərbaycan münasibətlərində “zəif halqa” ola biləcəyinə diqqət çəkib.
“Qırğızıstanın xarici işlər naziri Ceyenbek Kulubayev yanvarın 22-23-də Ermənistana işgüzar səfər edib. Beləliklə, qırğız nazirin Güney Qafqaza ilk müstəqil səfəri qırğız diplomatlarının peşəkarlığının tam olaraq yoxluğunu göstərdi. Ona görə də Ceyenbek Kulubayev “uğursuz diplomat və spekulyant” ləqəbinə layiq görülə bilər. Bu adam öz maraqlarını dövlət maraqları ilə qarışdırır. Onun şəxsi maraqlarını təmin etməsi alınır, Qırğızıstanın dövlət maraqlarını təmin etməsi isə yox”, – deyə Şeradil Baxtıgülov deyib.
Siyasi şərhçi daha sonra belə deyib: “Misal üçün, 2024-cü ilin aprelində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Bişkekə gəlmişdi. O, Ceyenbek Kulubayevi qarşılıqlı səfər üçün Bakıya dəvət etmişdi. Ceyenbek Kulubayev da “əziz qardaşım” deyərək Bakıya gedəcəyinə vəd vermişdi. Lakin o, Güney Qafqaz səfərinə Ermənistandan başladı. Bununla da nəinki Qırğızıstan və Azərbaycan arasında möhkəmlənməkdə olan əlaqələrə zərbə vurdu, həm də diplomatik protokol normalarını pozdu”.
Şeradil Baxtıgülov əlavə edib ki, “öz-özünə formalaşmış səfər qaydası belədir: Azərbaycan, Ermənistan və Gürcüstan. Yeri gəlmişkən, 1990-cı illərdə Qırğızıstan Prezidenti Askar Akayev də ölkə başçısı olaraq bu sıralamanı pozmuşdu. Bu isə Bakı ilə Bişkek arasındakı münasibətlərin ciddi şəkildə soyumasına səbəb olmuşdu. Nazir Ceyenbek Kulubayevin də bənzər əməllərini sıralamaq olar”.
“Örnək üçün, 2022-ci ilin aprelində Prezident Sadır Caparovun Azərbaycana dövlət səfərini hazırlayarkən bu nazir onun az öncə azad edilmiş Şuşaya səfərinin proqramdan çıxarılmasında israr etmişdi. Halbuki Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Şuşa səfərində təkid edirdi. Şuşaya səfər etmiş ilk xarici ölkə rəhbəri Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmuşdu. Sadır Caparov isə MDB dövlət başçıları arasında Şuşaya getmiş ilk prezident ola bilərdi. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Şuşa türklərin müqəddəs rəmzi olub və belə də qalır. Şuşa “kiçik Paris”, “Qafqazın yaradıcılıq məbədi”, “Azərbaycan musiqisinin beşiyi və “Şərqin konservatoriyası” adlanır. Bu şəhər bir çox tanınmış şəxsiyyətlərin yurdudur, həmçinin Azərbaycan mədəniyyətinin tarixi mərkəzi, Qarabağın tacıdır. Ceyenbek Kulubayev bunu bilib, ya yox, amma onu deyə bilərik ki, o, hələ də Azərbaycanlıları necə təhqir etdiyinin fərqində deyil.” Bu sözlər də siyasi şərhçi Şeradil Baxtıgülova aiddir.
Siyasi şərhçi sonda deyib ki, “nazir Ceyenbek Kulubayevin belə şıltaqlıqlarını bildiyimiz halda Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərini necə qurmaq olar? Bu nazir öz əməlləri ilə əldə edilmiş razılaşmaları, həmçinin Azərbaycan və Qırğızıstan prezidentləri arasındakı dostluq münasibətlərini zərbə altına qoyur. Bugünlərdə Bakıda Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının toplantısı olacaq. Toplantıda Azərbaycanın Qırğızıstan layihələrini maliyyələşdirməsi müzakirə ediləcək. Belə bir nazir və ona yuxarıda sözügedən qərarları hazırlamış kadrları ilə Azərbaycan-Qırğızıstan dostluğunun işıqlı gələcəyi artıq şübhə altındadır”.
İlk şərhi yaza bilərsiniz