Press "Enter" to skip to content

Silahlar susub, media savaşı isə bitmir

Şəbnəm Tofiqqızı və Azər Həsrət

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızı “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihə icra edir. Layihənin ikinci hissəsində bir sıra şəxslərlə müsahibələr də nəzərdə tutulub. Bu müsahibələr həm də 2-ci Qarabağ Savaşı zamanı Azərbaycan mediasının davranışları ilə bağlıdır. Yeri gəlmişkən, layihənin media tərəfdaşı BAYRAQDAR MEDİA-dır.

Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər

Şəbnəm Tofiqqızı mövzu ilə bağlı Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, siyasi şərhçi Azər Həsrətlə danışıb.

-Azər bəy, siz artıq 30 ildir media sahəsindəsiniz. Yetərincə təcrübəli şəxs sayılırsınız. 2-ci Qarabağ Savaşı başlamazdan öncə medianın belə bir kampaniyaya hazır olduğunu hiss edirdinizmi?

-Maraqlı sual oldu. Ümumiyyətlə şəxsən özüm, obrazlı desək, həmişə, elə indinin özündə də döyüş hazırlığındayam. Yəni istənilən an bizdən asılı olmayan savaş da daxil olmaqla hər hansı fövqəladə hal yaranacağı təqdirdə çevik şəkildə işə başlamağa sadəcə saniyələr sərf edərəm. O baxımdan 2-ci Qarabağ Savaşı öncəsi də tam hazırlıqlı idim. Baxmayaraq ki, belə bir savaşın olacağı elan edilməmişdi, ümumiyyətlə Azərbaycan savaş istəmirdi. Amma şəxsim və əminəm ki, mənim kimi bir çox həmkarımız həmişə savaş hazırlığında idilər. Ona görə də 2020-ci il sentyabrın 27-si səhər erkəndən savaş başlayanda mən də artıq gərəkli fəaliyyətlərə başlamışdım. Yəni qəfil yaxalanmamışdım o savaşa. O cümlədən də bizim dəyərli və təcrübəli bir çox həmkarımız həmişə belə kampaniyaları gözlədiyi üçün özümüzü tam hazır hiss edirdik o günlərdə. Demək istədiyim odur ki, Azərbaycan mediası o böyük hərəkatı səbirsizliklə gözlədiyi üçün ciddi qüsurlarımız olmadı.

Türk dövlətlərinin mediası yanımızda oldu

-Belə bir sual: Azərbaycan mediası hazır idi, bəs, örnək üçün, bizə dost olan ölkələrin mediası bu məsələdə necə hərəkət etdi?

-Hər şeydən öncə qardaş Türkiyənin media dəstəyini ayrıca vurğulamaq lazımdır. Yadımdadır ki, hələ savaş başlamazdan bir neçə gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankaraya səfər etmişdi. Orada Türkiyə-Azərbaycan Media Platforması qurulmuşdu o günlərdə. Adından da göründüyü kimi, iki ölkənin media sahəsində iş birliyi üçün nəzərdə tutulurdu bu Platforma. Sonra savaş başladı. Başlayan kimi də Türkiyə mediasının ən öndə gedən jurnalistləri Azərbaycana gəldilər. Onların bəziləri savaş bitənədək Azərbaycanda qaldılar, ən qaynar nöqtələrdən canlı efirə çıxdılar. Yəni qardaş ölkənin mediası biz Azərbaycanlılardan heç də az töhfə vermədi informasiya savaşımıza. Onun sayəsində biz bütün dünyaya səsimizi çatdıra bildik.

Türkiyə ilə bərabər Türküstan – Orta Asiyadakı türk dövlətlərində də medianın böyük dəstəyini gördük. Özəlliklə də qardaş Qazaxıstan, Özbəkistan və Qırğızıstan mediası öz imkanları çərçivəsində bizim haqq səsimiz oldu. Qardaş Türkmənistan bir az qapalı dövlət olduğu üçün ora ilə çox da işləmək mümkün olmadı. Olsaydı belə bunun effektini də gözləmirdik. Çünki o ölkədə yanaşma çox fərqlidir. Amma Türkiyə ilə bərabər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki həmkarlarımız həqiqətən də bizimlə bir addımladılar o böyük yolda. Nəticə də göz qabağındadır.

İlham Əliyev həm də medianın komandanı idi

-İndi də gələk ən əsas məsələyə. Prezident İlham Əliyev həmin o mübarək savaş günlərində bir an belə boş dayanmadı. O, hər yerdə və hər an gözə dəyirdi. O cümlədən də media sahəsində İlham Əliyev yəqin ki, hamıdan çox iş gördü. Onun o məşhur müsahibələrini deyirəm.

-Düz deyirsiniz. Doğrudan da Prezident İlham Əliyev özünün dəmir yumruğu ilə hər an hər yerdə idi. Bütün Azərbaycan xalqı və dünyanın hər tərəfində bizi sevən hər kəs onun televiziya çıxışlarını, Twitter (hazırda X) paylaşımlarını səbirsizliklə gözləyirdi. Yəni cənab Prezident bu sahədə də hamıdan öndə gedirdi. Bununla bərabər o, dünyanın ən aparıcı TV kanalları və agentliklərinə geniş müsahibələri ilə gündəmi idarə edirdi. Özü də təkcə Azərbaycanda deyil, dünyanın hər tərəfində. Ölkə başçısı 30-dan çox xarici mediaya müsahibə vermişdi. Bu müsahibələrin hər biri ayrılıqda səs gətirirdi. Həm də cənab Prezident müsahibələrində məsələlərin üzərinə sərt şəkildə gedir, açıq danışmaqdan çəkinmirdi. Ona görə də üzərimizə gəlməsi ehtimal edilən güclər çəkilib yerlərində oturmalı olmuşdular. Yəni belə demək istərdim ki, biz media mənsubları olaraq çox çalışırdıq, amma nə qədər çalışsaq da Prezident İlham Əliyevin təkcə bir müsahibəsi ilə əldə etdiyi nəticə bizimkindən qat-qat artıq olurdu. Belə deyə bilərik ki, İlham Əliyev yalnız Ali Baş Komandan deyil, həm də medianın komandanı kimi prosesin ən önündə, inamla və uğurla gedirdi. Təbii ki, biz də bütün varlığımızla onun arxasında idik.

Media savaşı bitmədi…

-Bu sualı vermək zərurəti də hiss edirəm: savaş Azərbaycanın möhtəşəm Zəfəri ilə bitib. Yəni 2020-ci il noyabrın 10-a keçən gecə məlum üçtərəfli Bəyanat imzalandıqdan sonra həm də media savaşının bitdiyini deyə bilərikmi?

-Təəssüf ki, deyə bilmərik. Şəxsən mən ümid edirdim ki, bir qədər nəfəs dərə – dincələ bilərik. Amma Ermənistan və onun havadarları bizə bu imkanı vermədilər. Onlar savaş bitdikdən sonra daha şiddətlə media hücumuna keçdilər. O hücum bu gün də eyni şiddətlə davam edir. Demək istədiyim odur ki, döyüş meydanında müzəffər Ordumuz öz missiyasını layiqincə yerinə yetirib, dinc quruculuq mərhələsinə keçib. Biz isə media təmsilçiləri olaraq hələ də missiyamıza davam etməyə məcburuq. Bu da təsadüfi deyil. Azərbaycanın bu möhtəşəm Zəfərini hələ də həzm edə bilməyən böyük güclər – dövlətlər var. Onlar hər vəchlə çalışır ki, bizi küncə sıxışdırsınlar. Bunu daha çox həm də media üzərindən edirlər. Belə bir durumda bizim kimi təcrübə sahibi olan, bu yöntəmləri yaxşı bilən adamlar kənarda qala bilməz. Ona görə də mən özüm şəxsən bəzən 44 günlük savaş günlərində olduğundan da artıq işləyirəm.

Şəhid əmanətlərinə sahib çıxmalıyıq

-Bütün bunlar öz yerində. Media, özəlliklə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün də davam edən yorulmaz çalışmaları, Azərbaycan cəmiyyətinin məsələlərə münasibəti həqiqətən də bizi sevindirməyə bilməz. Bununla belə bəlkə hələ nəsə deməyə də ehtiyac var?

-Var əlbəttə. Elə Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, biz bu möhtəşəm Zəfəri Azərbaycanın ən igid oğullarının canı və qanı bahasına əldə etmişik. Bizim ən say-seçmə oğullarımız o savaşda çəkinmədən can qoyub. Ki, biz bir millət olaraq başı dik gəzə bilək. Ona görə də şəxsən özüm hər bir əməlimdə onların o fədakarlığına layiq olmağa çalışıram. Hər bir vətəndaşımız da belə davranmalıdır. Şəhidlərimizin əmanət qoyub getdiyi əzizlərinə dövlətlə bərabər vətəndaşlar da sahib çıxmalıdır. Qazilərimiz, müharibə iştirakçılarımızın hamısı bizim üçün ən əziz insanlardır. Bu baxımdan media üçün də məhz o kəsimdən olan insanlara ayrıca diqqət vacibdir. Özümlə bağlı deyə bilərəm ki, qələmim həmişə bu yöndə işləyib, bundan sonra da işləyəcək. Fəal media təmsilçisi olaraq yazılarımda, çıxışlarımda bu faktoru həmişə göz önündə tuturam. Çalışıram ki, şəhidlərimizin canıyla, qazilərimizin qanıyla bizə qaytarılan bu Vətən torpaqlarına layiqli sahiblik edənlərdən olum, bu yöndə az da olsa xidmət göstərə bilim.

-Nə deyirik ki? İşlərinizdə, bütün fəaliyyətinizdə sizə uğurlar diləyirik. Doğrudan da Azərbaycan mediası bu böyük hərəkatda öz sözünü deyib, bundan sonra da deyəcək. Biz sizə fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik.

-Mən sizə təşəkkür edirəm ki, Vətənimizin bu şərəfli tarixini qələmə alıb gələcək nəsillərə çatdırılmasının qayğısına qalırsınız. Məhz sizin kimi təəssübkeş insanların belə yanaşması yetişən nəslin yaxın və uzaq keçmişimizin şanlı səhifələrini öyrənməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Var olasınız. Biz bundan sonra da bu yöndə çalışmağa davam edəcəyik.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.