BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi və İcra sənəti İnstitutunun rektoru Eldor Şermanov arasında görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Rektor, İnstitutda ənənəvi milli musiqi sənəti növlərinin “maqom” (muğam), “baxşi” və “katta aşula” ifası sahəsində kadrlar hazırladıqlarını qeyd edib. İki ölkə arasında əlaqələrdən danışan E.Şermanov bildirib ki, hələ XX əsrin əvvəllərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları özbək tamaşaçısının qəlbini fəth edib və Özbəkistanın musiqi–səhnə, konsert-ifaçılıq repertuarı və tədris-pedaqoji təcrübəsinin ayrılmaz hissəsinə çevrilən ilk musiqili-dramatik, opera tamaşalarının yaranmasına böyük təsir göstərib.
A.Marifli, özbək dinləyicisinə mənəvi cəhətdən yaxın olan Azərbaycan musiqisinin Özbəkistan mədəniyyətində həmişə mühüm yer tutduğunu qeyd edərək, 1997-ci ildən Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanın üç dəfə Qran-pri və digər yüksək mükafatlara layiq görülərək öz musiqi sənətini uğurla təqdim etdiyini vurğulayıb. Diplomat həmçinin qeyd edib ki, türk dünyası ailəsinin iki üzvü olan Azərbaycan və Özbəkistan arasında tarixən sıx mədəni və ədəbi əlaqələr mövcud olub, dövlət başçıları Prezident İlham Əliyev və Şavkat Mirziyoyev mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər. Hər iki xalq bir-birinin mədəniyyətindən və ədəbiyyatından zaman-zaman bəhrələnir ki, bu da ortaq türk musiqisinin daha da zənginləşməsi üçün zəmin yaradır.
Görüşün sonunda Özbəkistanda Azərbaycan musiqi sənətinə xüsusi marağı nəzərə alaraq, Mərkəz tərəfindən İnstitutda Azərbaycan ocağının açılması barədə razılıq əldə edilib.
İlk şərhi yaza bilərsiniz