Tural İsmayılov: Donald Trampın miqrantlarla bağlı belə bir qərar verməsi bu sahədə mövcud olan gərginliyi daha da şiddətləndirə bilər
BAYRAQDAR MEDİA – “Donald Trampın növbəti dəfə Birləşmiş Ştatların prezidenti seçilməsindən sonra bu ölkədə miqrasiya qanunları ilə bağlı bir sıra dəyişikliklərin edilməsi əvvəlcədən də gözlənilirdi. Çünki Donald Tramp prezident seçilməmişdən əvvəl bəzi açıqlamalarında Birləşmiş Ştatların miqrasiya qanunvericiliyində köklü dəyişikliklər edəcəyini vurğulamışdı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Tural İsmayılov deyib.
Xatırladaq ki, yanvarın 23-də Sietldən olan bölgə hakimi Con Kuqenur yeni prezident Donald Trampın Birləşmiş Ştatlarda doğulan şəxslərin avtomatik vətəndaşlıq hüququnun məhdudlaşdırılması barədə fərmanını “tamamilə konstitusiyaya zidd” adlandıraraq müvəqqəti olaraq icrasını qadağan edib. Con Kuqenur Vaşinqton, Arizona, İllinoys və Oreqon ştatlarının tələbinə əsaslanaraq bu fərmanın icra edilməsini müvəqqəti qadağan edən məhkəmə qərarı çıxarıb. D.Tramp həmin fərmanı prezident vəzifəsinin ilk günü – 20 yanvarda imzalamışdı. Baş verənlərin Birləşmiş Ştatlarda vətəndaş qarşıdrumasına yol aça biləcəyi ehtimal edilir. Bəs bu ehtimalın reallaşması nə dərəcə mümkün görünür?
Həmin sualı cavablandıran Tural İsmayılov qeyd edib ki özəlliklə Birləşmiş Ştatlarda Latın Amerikası bölgəsindən gələnlərin sayı kifayət qədər çoxdur: “Bu isə Tramp administrasiyasını narahat edir. Lakin Donald Trampın miqrasiya ilə bağlı sərt, kəskin qərarlar qəbul etməsi ABŞ daxilində, özəlliklə Latın Amerika əsilli insanlar arasında narazılığı daha da körükləyə bilər. Həmçinin onu da nəzərə almaq lazımdır ki, uzun müddətdir Birləşmiş Ştatlar cəmiyyətinin daxilində də etnik və dini mənada bir qarşıdurma meylləri artmaqdadır. Bu istiqamətdə müntəzəm olaraq mübahisələr, müzakirələr gedir. Özəlliklə qara dərilillərə, həmçinin Güney Amerikadan gəlmələrə qarşı ABŞ cəmiyyətində mənfi yanaşma, diskriminasiya siyasətinin kəskin şəkildə artdığı müşahidə edilir”.
T.İsmayılovun qənaətinə görə, indi isə Donald Trampın miqrantlarla bağlı belə bir qərar verməsi Birləşmiş Ştatlarda onsuz da bu sahədə mövcud olan gərginliyi daha da şiddətləndirə bilər: “Xüsusilə nəzərə alanda ki, bu, artıq uzun illərə sirayət etmiş bir konseptual problemdir, onda çox rahat və açıq-aydın söyləmək olar ki, Birləşmiş Ştatlarda bu sahədə mövcud vəziyyət vətəndaşlar arasında qarşıdurma risklərini və meyillərini də artırmış olacaq”.
İlk şərhi yaza bilərsiniz