BAYRAQDAR MEDİA – Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “hadisədən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də SN-ə və TƏBİB-ə müvafiq tədbirlər üçün zəruri tapşırıqlar verilib. Müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralanan vətəndaşların ölkəyə gətirilməsi təmin olunub və zərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb. Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib”.
Sonra xəbərdə, “təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) ikitərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib. Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar. Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır. Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub. Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir” deyə qeyd edilir.
İlk şərhi yaza bilərsiniz