Press "Enter" to skip to content

“Planetimizin “ağciyərlərini” necə qoruyaq” – SEMİNAR

“Planetimizin “ağciyərlərini” necə qoruyaq” - SEMİNAR

BAYRAQDAR MEDİA – Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsdə “Meşə yanğınları ekoloji böhrana yol açır: planetimizin “ağciyərlərin necə qoruyaq” adlı seminar keçirilib. Seminarda çıxış edən “Dendrologiya bağı” PHŞ-nin aparıcı mütəxəssisi Elman Cəfərli son vaxtlar meşə yanğınlarının dünyada ciddi narahatlığa yol açdığını bildirib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən mərkəzdən daxil olub.

“1825-ci ildə Kanadanın Nyu-Brunsvik əyalətində baş verən və 1 milyon 2 yüz min hektar ərazini tamamilə məhv edən yanğın hələ ki, dünyanın ən böyük meşə yanğınıdır. Yaxın keçmişə baxdıqda dünyada son 10 ildə çox böyük yanğınların baş verdiyini görürük. 2007-ci ildə Yunanıstanda 271 min 350 hektar, 2009-cu ildə Avstraliyada 450 min hektar, 2010-cu ildə Rusiyada 500 min, Boliviyada 25 min hektar yanaraq külə dönüb. Hər il dünyada baş verən meşə yanğınları insan tələfatı və minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur”, – deyə E.Cəfərli bildirib.

O, qeyd edib ki, meşə yanğınlarının 90 faizi antropogen amillərlə bağlıdır: “Yaxınlıqda əkin sahələri olan əkinçilər sahələr biçildikdən sonra, guya, torpağın canlanması üçün biçilmiş əraziləri yandırırlar. Bəzən meşələrə piknik üçün gedənlər şüşə qırıntılarını oradaca buraxırlar. İsti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və bu zaman yaranan qığılcım yanğına səbəb ola bilər. Meşələrdə tonqal qalayıb, piknik etmək, ov etmək, ot çalmaq və s. bu kimi ehtiyyatsızlıqlar yanğına gətirib çıxara bilər”.

Ekologiya və İqlimləşdirmə laboratoriyasının müdiri Leyla Atayeva çıxışında bildirib ki, meşə yanğınları ekosistemə ciddi ziyan vurur: “Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itkisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaradır. Meşə yanğınları zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi məhv olur”.

L.Atayeva bildirib ki, “meşə yanğınlarında qlobal iqlim dəyişikliyinin fəsadları da rol oynayır. İqlim dəyişikliyi birbaşa meşə yanğınlarının başlanması və ya meşə ərazilərində yanacağın alışması üçün uyğun zəmin yaratmaqla məruz qalma riskini artırır. Meşə yanğınları və iqlim dəyişikliyi arasındakı əlaqə yanacağın mövcudluğu, alovlanma və genişlənmə mərhələlərində ayrıca qiymətləndirilir. Ümumiyyətlə, meşə yanğınları ilə birbaşa əlaqəli olan iqlim dəyişikliyi parametrləri quraqlıq, temperatur, yağıntı, nisbi rütubət və külək kimi təsnif edilir. Yanğın üçün əlverişli hava şəraitinin formalaşmasını və onun uzun müddət davam etməsini və ya baş vermə tezliyini iqlim dəyişikliyi ilə izah etmək olar. Temperaturun yüksəlməsi bitki örtüyünün qurumasına və yanğın riskinin artmasına səbəb ola bilər. Daha isti hava bitkilərin daha asan alışmasına və alovun daha sürətli yayılmasına səbəb olur. İqlim dəyişikliyi ilə yaşanan temperatur artımı yanğın təhlükəsini daha da artıra bilər, çünki yüksək temperatur şəraitində qığılcım istənilən vaxt böyük təhlükəyə çevrilə bilər”.

“Dendroxronologiya” laboratoriyasının böyük mütəxəssisi Hökümə Mehrəliyeva “Meşə yanğınlarına qarşı ehtiyat tədbirləri” mövzusunda çıxış edib. Onun sözlərinə görə, yanğınsöndürmə zolaqları meşə yanğınlarının yayılmasının qarşısını almaq üçün meşə daxilində yaradılmış boş sahələrdir. Bu zolaqlar yanğının təbii maneə ilə qarşılaşmasını təmin edərək yanğına nəzarəti asanlaşdırır. Müntəzəm fasilələrlə yaradılan bu zolaqlar yüksək yanğın riski olan dövrlərdə xüsusilə təsirli ola bilər.

Mütəxəssis hesab edir ki, “meşə yanğınlarının qarşısını almağın ən təsirli yollarından biri də bu məsələ ilə bağlı əhalinin maarifləndirilməsidir. Vətəndaşları yanğından əvvəl, yanğın zamanı və yanğından sonra nə etməli olduqları barədə məlumatlandırmaq üçün icma əsaslı təlim proqramları və maarifləndirmə kampaniyaları təşkil edilməlidir. Erkən xəbərdarlıq və xəbərdarlıq sistemləri də yanğınların erkən aşkarlanmasına və tez bir zamanda müdaxilə edilməsinə imkan verir. Yanğının aşkarlanması üçün istifadə olunan sensorlar, dronlar və peyk texnologiyaları yanğınları ilkin mərhələdə aşkar etməyə kömək edir. Meşə daxilində quru yarpaqların, budaqların və digər tez alışan materialların təmizlənməsi yanğın riskini əhəmiyyətli dərəcədə azaldır”.

Seminar diskussiya şəklində davam edib və iştirakçıları maraqlandıran suallara cavablar verilib. “Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşı Fəridə Hüseynova meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsini vacib sayıb. Onun fikrincə, meşələr kameralaşdırılmalı, kənarında yanğından mühafizə sistemi gücləndirilməli, meşələrə yaxın ərazilərdə su depoları yaradılmalıdır. Yağış suları depolana və yanğınların söndürülməsində istifadə oluna bilər.

Qeyd olunub ki, “Dendrologiya bağı” PHŞ-də aktual mövzulara uyğun bu cür seminarlar və ictimai müzakirələr mütəmadi keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.