Hikmət Babaoğlu: Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq
BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “İdarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu olub. Şagird auditoriyası qarşısında çıxış etməkdən duyduğu məmnuniyyəti dilə gətirən qonaq özünün məktəb, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, formalaşmasında mühüm rol oynamış sevimli müəllimlərini xatırlayıb. H.Babaoğlu bu gün məktəbin, müəllimin nüfuzundan, bu müqəddəs dəyərlərin qorunması işində cəmiyyətin rolundan, fərdin şəxsiyyətə çevrilməsində müəllimin əməyindən danışıb”.
Məlumata görə, Qarabağ Zəfərində Azərbaycan məktəbinin yetişdirdiyi gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən millət vəkili Qərbi Azərbaycana qayıdış prosesində yeniyetmə və gənclərin üzərinə düşən vəzifələrdən söz açıb.
“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq”- deyən H.Babaoğlu bildirib ki, əzəli yurd yerimizə qayıdış o torpaqların əsil sahiblərinin ən böyük haqqıdır.
Məlumatda, həmçinin “qonaq məktəblilərin cəmiyyət, bütövlükdə ölkə üçün faydalı, layiqli vətəndaş kimi yetişmələri, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, mütaliənin qazandırdığı üstünlüklər və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb. Daha sonra qonaq müəllifi olduğu kitabları şagirdlərə və məktəbin kitabxanasına hədiyyə edib” deyə qeyd edilib.
İlk şərhi yaza bilərsiniz