Press "Enter" to skip to content

Ekoloqdan ovçulara xəbərdarlıq

Elman Cəfərli

BAYRAQDAR MEDİA – “Yanvarın 22-dən ov mövsümü açıq elan edilib.  Yaxşı olar ki, müvafiq qurumlar, QHT-lər ovçuları maarifləndirsinlər. Ov zamanı mövcud normativlərə əməl olunmalı və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüfatlarının sahələrində ov edilməlidir”.

Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, “ov adı ilə heyvanları, quşları kütləvi şəkildə öldürmək düzgün deyil. Ov bir sənətdir. Hər kəs ovla məşğul ola bilməz. Ovçuluğun öz qaydaları, öz prinsipləri var. Ovlanması qadağan edilmiş növlərə toxunmaq olmaz. Ov adı ilə heyvanların kütləvi şəkildə öldürülməsi doğru deyil. Qadın rollarının mahir ifaçısı olan bir Əməkdar artist var, 2 il bundan qabaq çoxlu ördək vurub görməmiş kimi Instagram hesabında paylaşmışdı. Bu barədə xəbər hazırladım, mətbuatda dərc olundu. Bir müddət sonra baxdım ki, o şəkil yoxdur. Qadın rollarının mahir ifaçısı ictimai qınaqdan sonra o şəkli silmişdi. Və yaxud azad olunmuş torpaqlardan olan bir bloqqer ötən il Kəlbəcərdə qanunsuz yollarla və qadağan olunmuş üsullarla balıq ovlamış və bunu sosial şəbəkələrdə paylaşmışdı. Eyni növdən olan haradasa 100-dən çox balıq idi. O zaman həmin şəxs ictimai qınağa tuş gəldi. Bu cür əməllərin adı ov deyil, görməmişlikdir”.

Ekoloq bildirib ki, bu cür “ovçular” diqqətli olsunlar, yoxsa qanunsuz ova görə cərimə oluna bilərlər. “Cinayət Məcəlləsinin 258-ci, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrinə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1 min manatdan 2 min manatadək cərimə və ya bir ilədək islah işləri, yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bir baş bəbiri qanunsuz ovlamaq 3 min 300 manat, bir ceyran ovlamaq 550 manat, qonur ayı üçün 440 manat, şahin quşu üçün 1 min 100 manat, bəzgək üçün 330 manat, dovdaq üçün 550 manat, turac üçün 330 manat, qu quşu üçün isə cərimə məbləği 550 manatdır”.

Qeyd edək ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.