BAYRAQDAR MEDİA – Yanvarın 23-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə AMQF İdarə Heyətinin üzvləri ilə Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraların üzvlərinin görüşü keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya AMQF-dən məlumat verilib.
Məlumata görə, görüşdə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov çıxış ediblər: “Çıxışçılar bu formatda görüşün ilk dəfə keçirildiyini, qarşılıqlı fikir mübadiləsi, fəaliyyətin əlaqələndirilməsi üçün olduqca vacib olduğunu qeyd ediblər”.
Məlumata əsasən görüşdə o da qeyd olunub ki, “İctimai iştirakçılıq haqqında Qanun”un təkmilləşdirilməsinə, İctimai Şuralarının profil üzrə peşəkar mütəxəssislərdən təşkil olunmasına böyük ehtiyac var: “R.İskəndərli həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm Elm və Təhsil Nazirliyi yanında ictimai şuralarının sahə üzrə nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərindən seçilməsini yüksək qiymətləndirib, bu nümunənin davam etdirilməsinin vacibliyini bildirib. R.İskəndərli onu da bildirib ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu QHT-lər, İctimai Şuralar üçün geniş əməkdaşlıq platforması, metodik dəstək təklif edir, Forumun Bakı şəhərinin mərkəzi hissəsində yerləşən ofisi və konfrans zalları da üzvlərin ödənişsiz qaydada xidmətindədir. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İctimai Şuralarla birgə görüşləri davam etdirəcək”.
Onu da vurğulayaq ki, görüş barədə AMQF-nin sosial şəbəkə hesabından da məlumat paylaşılıb.
İlk şərhi yaza bilərsiniz