BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri təhsillərini 2024/2025-ci tədris ilinin yaz semestri ərzində Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində davam etdirəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “mübadilə “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə Aİİ arasında 2021-ci ildə imzalanmış Əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib. Əməkdaşlıq müqaviləsinə əsasən, sayca 4-cü tələbə mübadiləsi çərçivəsində Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Əli Nəzərov və Turqut Alışov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində bir semestr ərzində ərəb dilində təhsil alacaqlar”.
Sonra xəbərdə, “sözügedən Universitetdə rektor Əhməd Həsən Məhəmməd İbrahimin tələbələr və Aİİ-nin xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərovla görüşü təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri və Almatı şəhərindəki konsulu Anar Hüseynzadə ilə də tələbələrin görüşü olub. A.Hüseynzadə tələbələrə təhsillərində uğurlar diləyib, Aİİ-nin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib” deyə qeyd edilir.
Daha sonra Aİİ-nin nümayəndə heyətinin “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti İslamşünaslıq fakültəsinin dekanı Məhəmməd Vardani, Akademik işlər üzrə şöbənin müdiri Maxmet Muratxan, Təhsil məsələləri və sosial inkişaf şöbəsinin müdiri Şaizan Bauyrjan və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Talifa Maratkızı ilə görüşü keçirilib.
İlk şərhi yaza bilərsiniz