Dr. Yücel Karauz: Donald Trampın NATO-ya yanaşması qurumun deyil, sırf Birləşmiş Ştatların marağına xidmət edir
BAYRAQDAR MEDİA – “NATO İkinci Dünya müharibəsindən sonra ikiqütüblü dünyanın şərtləri daxilində formalaşmış və o dövr üçün vacib olan bir birlikdir. NATO eyni zamanda Amerika Birləşmiş Ştatları deməkdir. Çünki ötən müddətdə NATO Birləşmiş Ştatların hərbi və siyasi hədəflərinə çatması üçün bir vasitə kimi istifadə edilib”.
Bunu Donald Trampın yenidən prezident seçilməsindən sonra NATO-nun taleyinin necə olacağına dair sualı cavablandıran Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Dr. Yücel Karauz deyib ki, 1991-ci ildə sovetlərin dağılması ilə ikiqütblü dünya da çökdü: “Bunun ardınca isə artıq NATO-nun lazım olub-olmamasına dair müzakirələr ortaya atıldı. Çünki ikiqütüblü dünyada qarşı-qarşıya duran iki sistem var idi. Lakin sovetlərin çökməsindən sonra artıq bir-biri ilə mübarizə aparan iki sistemdən biri meydandan çıxdı. Donald Trampın NATO-ya yanaşması isə bu müzakirələri daha da aktuallaşdırıb. Belə ki, Donald Tramp NATO-ya üzv ölkələrin hərbi xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı tələb edir”.
Burada ABŞ-ın maliyyə maraqları da əsas rol oynayır
Türkiyəli generalın sözlərinə görə, əslində Donald Trampın NATO-ya yanaşması da qurumun deyil, sırf Birləşmiş Ştatların marağına xidmət edir: “Bəlli olduğu kimi NATO-nun 32 üzvü var. Hər bir üzv ölkə bu vaxta kimi ümumi daxili məhsulun 2 faizini hərbi xərclərə ayırmalı idi. Lakin əksər üzv ölkələr belə bir addımı atmaqda tərəddüd edirdilər. Məsələn, həmin ölkələr bu maliyyəni öz vətəndaşlarının sosial, yaxud humanitar problemlərinin həllinə yönəltməyə üstünlük verirlər. D.Tramp isə bu xərclərin 2 faizdən 5 faizə qaldırılmasını tələb edir. Hesab edir ki, NATO-nun xərc yükü ABŞ-ın üzərində qalmamalıdır. Onu da deyim ki, burada ABŞ-ın maliyyə maraqları da əsas rol oynayır”.
Müsahibimiz qeyd edib ki, D.Trampın bu tələbinin arxasında dayanan məqamlar sırasında ilk sırada həm də Birləşmiş Ştatların büdcəsinə daha çox gəlirin gəlməsini təmin etmək istəyi dayanır: “Əslində D.Trampın NATO üzvü olan ölkələrə təzyiqi daha çox iqtisadi maraqlara söykənir. Çünki dünyadakı 100 güclü müdafiə sənayesi şirkətindən 41-i məhz Birləşmiş Ştatlara məxsusdur. Bu şirkətlər 2024-cü ildə ümumilikdə 350 milyard dollarlıq silah satışı həyata keçiriblər. Buradan hansı nəticə hasil olur? Birləşmiş Ştatların NATO-nun digər ölkələrinin müdafiə sənayesinə pul ayırması tələbinin arxasında həm də o dayanır ki, həmin ölkələrin ayırdığı pul ABŞ-a əlavə maliyə gətirəcək”.
Tramp administrasiyası düşünür ki, artıq NATO-ya ehtiyac yoxdur
Bununla belə, Dr. Y.Karauz o qənaətdədir ki, son prosesslər və D.Trampın yanaşması həm də Birləşmiş Ştatların artıq NATO-ya ehtiyacının qalmadığına işarə edir: “Tramp administrasiyası düşünür ki, artıq NATO-ya ehtiyac yoxdur. Düzdür, hələ bir müddət ABŞ NATO-dan istifadə edəcək. Bununla belə, ABŞ Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən çıxdığı kimi, bir gün də NATO-dan çıxa bilər. Bu isə NATO-nun çöküşü demək olacaq”.
Türk Dövlətləri Təşkilatının təhlükəsizlik doktrinası hazırlanmalıdır
Baş verən proseslərin türk dünyasına təsiri, həmçinin Türk Dövlətləri Təşkilatının hansı addımı atmalı olduğuna gəlincə Dr. Y.Karauz deyib: “Mən əvvəllər də bunu demişəm. Biz türk dünyası olaraq bütün mümkün ssenarilərə hazır olmalıyıq. Buna görə də Türk Dövlətləri Təşkilatı daxilindəki bütün ölkələr arasında öncə ikitərəfli hərbi-siyasi saziş imzalanmalıdır. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən Şuşa Bəyyannaməsi qardaş ölkələri müttəfiq ölkələrə çevirib. Hesab edirəm ki, oxşar müqavilələr Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələr arasında imzalanmalı, sonra isə bu çoxtərəfli sazişə çevrilməlidir. Yəni Türk Dövlətləri Təşkilatının təhlükəsizlik doktrinası hazırlanmalıdır. Lakin biz gecikməməli, artıq sözdən işə keçməliyik. Çünki artıq itiriləcək bir dəqiqəmiz belə yoxdur. Əgər geciksək tarix bizi heç vaxt əhv etməz”.
İlk şərhi yaza bilərsiniz