Press "Enter" to skip to content

Şəhid arzusunun izi ilə – LAYİHƏ

Bu balacalar Kərəmin arzularını gerçəkləşdirəcəklər

Gülxar RƏHİMLİ – AJB üzvü, “Xaçmaz” qəzetinin müxbiri. Xüsusi olaraq BAYRAQDAR MEDİA üçün

Gülxar RƏHİMLİ
Gülxar RƏHİMLİ

BAYRAQDAR MEDİA – 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra bir amal birləşdirdi insanları: Vətənə olan sədaqət borclarını ödəmək. Məhz bu məqsədlə yol alanların arasında Xaçmaz rayonundakı Füzuli Yarməmmədov adına Gülalan kənd tam orta məktəbinin biologiya müəllimi Arzu Nəsibova da var.

Arzu xanım dərs dediyi şagirdlərlə birlikdə 44 günlük müharibə şəhidi, üçqat Dünya çempionu Kərəm Veyisovun valideynləri ilə görüşə gedib. Söhbət əsnasında şəhidin anası Nərgiz xanım oğlunun bir arzusu olduğunu və həmin arzunu həyata keçirə bilmədiyini dilə gətirib.

Nə idi şəhidin arzusu?

Şəhid Kərəm Veyisovun ən böyük arzusu general Polad Həşimov adına kikboks üzrə yarış təşkil etmək idi. Kərəm şəhid olduğu üçün həmin istək yarımçıq qalır. Şəhid anasını dinləyən Arzu müəllim bu işi öz üzərinə götürür, layihə yarışmasına qatılır və layihəsi qalıb olur.

O, “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”nin qaliblərindən biri kimi şəhid anasının arzusunu gerçəkləşdirə bilir.

Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədi ilə Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində işləyən pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Dövlətin dəstəyinə arxalanan Arzu müəllim “ Şəhid arzusunun izi ilə…” layihəsini beləcə gerçəkləşdirə bilir.

Layihənin təlim məşqləri 2024-cü ilin noyabrında uğurla davam etdi. Xatırladaq ki, layihənin açılışı onlayn şəkildə gerçəkləşdirilib. 3 ay müddətində davam edəcək layihənin birinci ayında işçi heyətin toplanması, PR xidmətin fəaliyyətə başlaması, təlim məşqlərində iştirak edəcək məktəblilərin müəyyən edilməsi həyata keçirilib.

Dekabr ayından başlayaraq təlim məşqləri aktiv fazaya qədəm qoyub. Hazırda məşqlər peşəkar şəkildə Quba Olimpiya Kompleksində həyata keçirilir. Layihədə 30-45 arası idmançı məktəblinin təlim məşqlərindən yararlanması reallaşacaq. Qeyd edək ki, yarışma Quzey zonasını əhatə edir. Şabran, Quba, Qusar və Xaçmaz məktəbliləri bu yarışmada güclərini sınayacaqlar.

Yanvarın 26-da Quba Olimpiya Kompleksində General Polad Həşimov adına yarış keçiriləcək. I yerin sahibinə Kubok, digər qaliblərə isə diplom təqdim olunacaq.

Yarışma beynəlxalq dərəcəli məşqçi Telman Məhərrəmov tərəfindən idarə ediləcək.

Şəhid Kərəm Veyisovun arzusu torpaqlarımızı azad görmək idi. Şəhadəti ilə azadlıq əldə etdik.

Şəhid Kərəm Veyisovun arzusu General-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş kikboks yarışması keçirmək idi. Şəhadətindən sonra bu arzu da reallaşdı.

Qeyd edək ki, Kərəm Veyisov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş və Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən Uğrunda”, “Şuşanın azad olunması görə”, “İgidliyə görə”, “Döyüşdə fərqləndiyinə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid ailəsinin sevincinə sevinc qatan Arzu Nəsibova məsuliyyətli bir addım atdı. Bu addımla o, şəhidin əmanətləri olan Nərgiz anaya, Səttar ataya onların oğlu Kərəmin yarım qalan arzusunu gerçəkləşdirməkdə kömək etdi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.