BAYRAQDAR MEDİA – İlin-günün bu qarışıq vaxtında qardaş Qırğızıstanın xarici işlər naziri Ceyenbek Kulubayev Ermənistana səfər edib. Qırğızıstan Xarici İşlər Nazirliyinin yanvarın 23-də yaydığı xəbərə baxılarsa, səfər çərçivəsində görüşlər və danışıqlar olub. Bu da maraq doğurmaya bilməz. Çünki Qırğızıstanın Ermənistanda nəinki səfirliyi, heç adi bir konsulluğu da yoxdur. Yəni diplomatik münasibətlər o həddə deyil ki, nazir durub bu ölkəyə səfər etsin. Hələ nəzərə alaq ki, Qırğızıstan Azərbaycanın qardaşı – strateji tərəfdaşıdır. Üstəlik də hər iki dövlət Türk Dövlətləri Təşkilatının qurucu üzvləridir. Bu isə o deməkdir ki, hər iki dövlət xarici əlaqələrində də öz aralarındakı münasibətləri nəzərə alaraq hərəkət etməlidir. Yəni indiki durumda Qırğızıstan öz xarici işlər nazirini Ermənistana göndərməzdən öncə bunun Azərbaycanda doğuracağı reaksiyanı nəzərə almalı idi. Ən azından nəzakət xatirinə…
BAYRAQDAR MEDİA bu yersiz səfərin şərh edilməsi üçün qardaş Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri, hazırda isə Cusup Balasağın adına Qırğızıstan Milli Universitetindəki Türk İrsi Mərkəzinin rəhbəri, Prof. Kayrat Osmonaliyevə müraciət edib.
“Mən bu səfəri, yumşaq desək, qəribə hesab edirəm. Ümumiyyətlə isə bu səfər, nazir Ceyenbek Kulubayevin öz sözüylə desək, “səfər xatirinə səfər”dir. Çünki belə bir səfər üçün hansısa ciddi əsaslar görmürəm. Birincisi, nazir Güney Qafqaza səfərini Bakıya etməli idi. Çünki 2024-cü ilin aprelində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekə rəsmi səfərə gəlmiş və Ceyenbek Kulubayevi öz ölkəsinə rəsmən dəvət etmişdi. Mən özüm də o görüşdə iştirak etmişəm. Ceyenbek Kulubayev Azərbaycanlı nazirə “əziz qardaş” sözləri ilə müraciət edərək Bakıya gedəcəyini vəd etmişdi”, – deyə Kayrat Osmonaliyev bildirib.
Keçmiş səfir daha sonra deyib ki, “bizim nazirimiz, gördüyümüz kimi, Bakıya deyil, İrəvana getməyə üstünlük verib. Məhz bu da mənə qəribə gəlir. Üstəlik də Qırğızıstan və Azərbaycan arasında münasibətlərin belə dinamik inkişafı fonunda bunu etmək ayrıca diqqət cəlb edir. Bizim ölkələrimiz arasında 2022-ci ildə strateji tərəfdaşlıq münasibətləri qurulub. 2024-cü ildə isə bu münasibətlər daha da dərinləşdirilib. Azərbaycanla Ermənistan arasındakı gərginlik isə heç kim üçün sirr deyil. Düşünmürəm ki, İrəvana edilən səfər qırğızlar və Azərbaycanlılar arasındakı münasibətləri möhkəmləndirməyə xidmət edəcək”.
Prof. Kayrat Osmonaliyev onu da vurğulayıb ki, “səfərin nəticəsi olaraq cəmi 2 sənəd imzalanıb. Bu sənədlər də, mənim fikrimcə, yerinə yetirilə biləcək dürdən deyil. Biri iki ölkə XİN-ləri arasında, digəri də hər iki ölkənin diplomatik akademiyaları arasında iş birliyi haqqındadır. Əlavə olaraq iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin bərpa edilməsi haqqında fikirlər səsləndirilib. Bu da sadəcə sözdən başqa bir şey deyil. Bizim ölkələrimiz arasında ticarət həddi sıfıra yaxınlaşır. Əlbəttə, Ermənistandan Qırğızıstana daşınan köhnə avtomobilləri nəzərə almasaq. Yəni bu səfərin mənasızlığı göz önündədir. Qırğızca desək, səfəri “cön ele sapar” (səfər xatirinə səfər) adlandıra bilərik ki, bu da bizim strateji tərəfdaşımız olan Azərbaycanda, həmçinin Türk Dövlətləri Təşkilatında tərəfdaşlarımız olan digər dövlətlərin suallarına səbəb ola bilər”.
“Düşünmək olardı ki, nazir Ceyenbek Kulubayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində iş birliyi ilə bağlı məsələləri müzakirə etmək üçün İrəvana gedib. Amma nəzərə almalıyıq ki, Ermənistan bu qurumda fəaliyyətini dondurub. Üstəlik də Qırğızıstan XİN-in mətbuat üçün açıqlamasında bu haqda heç bir söz yer almır. Yəni nazir Ceyenbek Kulubayev belə mürəkkəb geosiyasi durumda Ermənistanın buzlarını “əritmək üçün” çətin ki, nəsə edə bilər”, – deyə Prof. Kayrat Osmonaliyev bildirib.
İlk şərhi yaza bilərsiniz