Dövlət Xidməti Sabirabadda gənclər üçün tədbirlər keçirib
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi Azərbaycanda gənclərdə hərbi-vətənpərvərlik hissinin artırılmasına xüsusi diqqət göstərilir. Öz növbəsində bu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Sabirabad rayonunda keçirdiyi tədbirlər də bu məqsədə xidmət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib
Bildirilib ki, “əvvəlcə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində həmin rayondan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz veriblər”.
“Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş
Məlumata görə, daha sonra Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib.
“Görüşdə açılış nitqi ilə çıxış edən Siraqəddin Cabbarov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib”.
Məlumata əsasən, daha sonra SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov çıxış edib: “F.İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb”.
Xaricdə təhsilə görə verilən möhlət barədə geniş məlumat çatdırılıb
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb”.
Qeyd edilir ki, daha sonra SHXÇDX-nın Sabirabad rayonu şöbəsinin rəisi polkovnik Həbib Əliyev ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb: “Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur”.
İlk şərhi yaza bilərsiniz