Press "Enter" to skip to content

Eviniz evlərin gözəli idi…

Cümşüd Aydəmir

Yanvarın 23-də Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin şair üzvü Cümşüd Aydəmirin 65 yaşı tamam olur. BAYRAQDAR MEDİA yubilyar şairə təbriklərini çatdırır, dəyərli oxuculara onun bir şeirini təqdim edir.

Eviniz evlərin gözəli idi,
Kəndin qənşərində, girəcəyində.
Kəhrizə gələnlər məzələnərdi,
Sən isə rahatca bəzənməyində.

Aradan nə qədər illər keçibdi,
Elə bil dünəndi, ya srağagün,
Sənin həsrətindən yanan çox idi,
Onlardan biriydim mən də qaragün.

Səni görmək üçün hər ötən saat,
Ömrümün ən ülvi anları idi.
Kəhrizə sürdüyüm o qırmızı at,
Səni görmək üçün bəhanə idi.

Bilirəm, oxuyub şeirlərimi,
Gah gizlin, gah aşkar köks ötürürsən.
“Bəyən”dim edirsən sevdiklərini,
Hərdən də “görməyib” tez ötürürsən.

Sən artıq nənəsən, mən isə baba,
Durmuşuq bir ömrün yolayrıcında.
Hələ ümidimiz vardır sabaha
Arzular dənizi öz amacında..

Eviniz evlərin gözəli idi,
Kəndin qənşərində, girəcəyində.
Kəhrizə gələnlər məzələnərdi,
Sən isə rahatca bəzənməyində…

Cümşüd Aydəmir, Xudat, 22-23 yanvar 2025

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.