Press "Enter" to skip to content

“Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” sərgisinin açılışı olub

“Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” sərgisinin açılışı olub

BAYRAQDAR MEDİA – Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafika sərgisinin açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə tanınmış ictimai-mədəni xadimlər, millət vəkilləri, ziyalılar və digər çoxsaylı qonaqlar iştirak edib. Sərginin açılışında çıxış edən Muzeyin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Hicran Hüseynova, Elnarə Akimova Ü.Həmzəyevanın müasir Azərbaycan təsviri sənətində seçilən yaradıcılığa malik olduğunu, dərin məna, məzmun yükünə sahib əsərlərinin minilliklər ərzində formalaşmış zəngin sənət ənənələrindən güc aldığını vurğulayıblar”.

Sonra xəbərdə, “sonda söz Ü.Həmzəyevaya verilib. Rəssamın təklifi ilə öncəliklə Ulu Öndər Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ü.Həmzəyeva yaradıcılığına mühüm dəyər verən çııxçılara, sərginin yüksək təşkili üçün Milli İncəsənət Muzeyinə və açılış mərasiminə qatılan hər kəsə dərin təşəkkürünü bildirərək hər kəsi sərgi ilə tanış olmağa dəvət edib”.

Bildirək ki, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 50-dən çox qrafika əsəri nümayiş olunur. Ekspozisiyada sərgilənən qrafika əsərlərinin fəlsəfi mahiyyəti rəssamın dünyaya göz açdığı, boya-başa çatdığı qədim və misilsiz tarixə malik Naxçıvanın ruhu ilə səsləşir. Əsərlər 44 günlük Vətən müharibəsindəki şanlı qələbə, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, Covid-19 pandemiyası, yuxu və gerçəkliyin bir arada, fasiləsiz vizual axın kimi təsviri aparıcı mövzuları təşkil edərək rəssamın gərgin yaradıcılıq axtarışlarının nəticəsində ərsəyə gəlib.

Qrafika əsərlərində qədim bədii dili müasirləşdirən rəssam onlara öz qəlbi və ruhunun isti hərarətini bəxş edib.

Qeyd edək ki, sərgi fevralın 28-dək ziyarətçilər üçün açıq olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.