BAYRAQDAR MEDİA – ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirmək, onların əmək fəaliyyətini dövrün yeni çağırışları ilə uzlaşdırmaq üçün təşkil etdiyi “Liderliyin İnkişafı Proqramı “nı yekunlaşdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu münasibətlə ADA Universitetində proqramın bağlanış mərasimi keçirilib, 86 iştirakçıya sertifikatları təqdim edilib. Tədbirdə ADA Universitetindən Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər. DVX-dən rəis müavinləri Emil Qarayev və İlkin Vəliyev, həmçinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova fikirlərini bölüşüblər. Çıxışçılar peşəkar mühitdə ortaya çıxan yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar və bunların fonunda təhsilin önəminə diqqət çəkiblər. İctimai qurumların, xüsusilə də DVX-nin insan resurslarının inkişafına verdiyi önəm, mövcud idarəetmə sisteminin daim təkmilləşdirilməsi istiqamətində atdığı addımlar müsbət hal kimi qiymətləndirilib”.
Sonra xəbərdə, “tədbir zamanı DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciəti təqdim edilib. Müraciətdə proqramın DVX-nin fəaliyyətinin effektiv təşkilinə verdiyi faydaları sadalanıb. Daha sonra proqram iştirakçıları qismində Elçin Bəylərov, Səbinə Mirzəyeva, Toğrul Quliyev və Elxan Quliyev təəssüratlarını bölüşərək proqramın insan kapitalının inkişafında yeni təcrübələr, səriştələr və müasir yanaşmalar aşıladığını vurğulayıblar. Tədbir zamanı proqramı tədris edən təlimçilərdən ADA Universiteti Fondunun Prezidenti Natiq Hacıyev və Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov peşəkar kadr potensialının gücləndirilmsində müasir bacarıqların əhəmiyyətinə toxunaraq bu bacarıqların ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsirindən bəhs ediblər”.
Qeyd edək ki, ötən ildən etibarən həyata keçirilən proqram 5 modul üzrə dövlət və özəl sektoru təmsil edən onadək təcrübəli ekspertlər tərəfindən tədris edilib. Həmin modullar liderlik bacarıqlarının inkişafı, komandanın səmərəli idarə edilməsi, konstruktiv rəy vermə və rəy alma, strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi kimi aktual mövzuları əhatə edib.
İlk şərhi yaza bilərsiniz