BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, “İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət ediblər: “Tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi – Metodiki və İxtisasartırma Mərkəzi, “İRƏLİ” İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.Tədbirdə fotomüxbir Rasim Sadıxovun fotolarından ibarət sərgi və “Qanlı Yanvar” filmi təqdim olunub”.
Məlumata əsasən, silsilə tədbirlər müddətində həmçinin, “İRƏLİ” İctimai Birliyi və LIBRAFF Kitab mağazaları şəbəkəsinin müştərək layihəsi olan “Gənclərlə” adlı proqram çərçivəsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş ilk görüş keçirilib: “Görüşün ilk qonaqları Xalq artisti Nurəddin Mehdixanlı, fotomüxbir Rafiq Bağırov və fotojurnalist Rasim Sadıxov olublar. Xalq artisti Nurəddin Mehdixanlı həmin günün xalqımızın yaddaşında necə qaldığını və onun bizə necə dərslər verdiyini vurğulayıb. Fotomüxbir Rafiq Bağırov, fotojurnalist Rasim Sadıxov isə 20 Yanvar hadisələrinin fotolarına baxaraq, həmin anların əhəmiyyətini və yaşanılan hisləri iştirakçılarla bölüşüb. Görüşün sonunda iştirakçılar həmin faciənin gənclər tərəfindən unudulmaması üçün daha çox belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər”.
Məlumatda deyilir ki, silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib: “Gənclərin iştirakı ilə “X” sosial şəbəkəsində keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər”.