Afət Telmanqızı: Bu günədək Xocalı rayonunun Ballıca kəndinə 68 ailənin köçürülməsi təmin olunub
BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək Xocalı rayonunun Ballıca kəndinə 68 ailənin (373 nəfərin) köçürülməsi təmin olunub”.
Bunu BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Ballıcada sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb
O, qeyd edib ki, Böyük Qayıdışın başlandığı kənddə keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb: “Ballıcada sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Yenidən bərpa olunan Ballıca kəndində zəruri sosial-texniki infrastruktur qurulub”.
Kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verilir
A.Telmanqızı deyib ki, kənddə fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir: “Ballıcanın hər bir sakini yaşadığı evin həyətyanı sahəsində yardımçı təsərrüfat qurub, meyvə ağacları becərir, ev quşları və mal-qara saxlayır”.
O da vurğulanıb ki, Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri həyata keçirilir.
İlk şərhi yaza bilərsiniz