Press "Enter" to skip to content

Qoruqları ziyarət edənlərin sayında 35 faiz artım olub

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqları və muzeylərin 2024-cü ildə ziyarət edənlərin sayında 35 faiz artım olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Eləcə də yerli və xarici ziyarətçilər üçün “Kiş” Tarix-Memarlıq Qoruğunun tərkibindəki Alban Məbədinə, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibində olan Xan Sarayına, Şəkixanovlar evinə, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə, Şəki Dövlət Rəsm Qalereyasına, həmçinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində yerləşən Lahıc Tarix-Diyarşünaslıq muzeyinə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyinə və yalnız xarici vətəndaşlar üçün “Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür”.

Məlumata görə, qeyd olunan qoruq və muzeyləri 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 35 faiz artaraq 663 min 459 nəfər (460 min 331 nəfəri xarici vətəndaş, 203 min 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib: “Əvvəlki illərdən fərqli olaraq 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib və bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub. Qeyd edək ki, məktəblilər, əlillər və müharibə veteranları, şəhid ailələri və 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 min 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib. Ümumilikdə 2024-cü ildə bilet satışından əldə olunan 5 786 259 manat vəsaitin 866 205 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib. Bununla da 2023-cü ilə nisbətən əldə edilən gəlirlərin məbləğində 72 faizdən çox artım qeydə alınıb”.

Bildirilib ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat (Palçıq Vulkanları Turizm Kompleksində 5 manat), tələbələr üçün 1 manat (Palçıq Vulkanları Turizm Kompleksində 3 manat) təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 5-15 manat arasında dəyişir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.