Press "Enter" to skip to content

Bu tarix barədə həqiqətlərin nəsildən-nəsilə ötürülməsi vacibdir – VİDEO

Sənədli filmin nümayişi

Sahil Tahirli: “Sədərəkdən Şuşaya” sənədli filmi Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirir

BAYRAQDAR MEDİA – “20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Bu tarixin ilk səhifələri qədim Naxçıvan torpağında, Sədərəkdə yazılıb. 1990-cı il yanvarın 18-də Ermənistan silahlı qüvvələri SSRİ ordusunun 7-ci briqadasının dəstəyi ilə Sədərək kəndinə hücum etdi. Bunun ardınca, yanvarın 19-da Sədərək ağır artilleriya atəşinə məruz qaldı və bu döyüşlərdə biz ilk şəhidlərimizi verdik. Beləliklə, 20 Yanvarın faciəvi hadisələri məhz Naxçıvanda, Sədərəkdə başladı”.

Bunu “Sədərəkdən Şuşaya” sənədli filminin təqdimat mərasimindəki çıxışında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri, “Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli deyib.

O, qeyd edib ki, “Sədərəkdən Şuşaya” sənədli filmi Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirir.

S.Tahirli bildirib ki, şəhidlərin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.

Günay Nəzərova
Günay Nəzərova

Bəli, Azərbaycan xalqının igid, qorxmaz övladları tarixin müxtəlif dövrlərində misilsiz qəhrəmanlıqlar göstəriblər. Bu qəhrəmanlıqlar xalıqmızın azadlıq, müstəqillik uğrunda və yadelli işğalçılara qarşı zaman-zaman apardığı mübarizənin simgəsi olmaqla, həm də bir tarixdir. Bu tarixin unudulmaması, onlar barədə dolğun məlumatlar nəsildən-nəsilə ötürülməsi vacibdir və həyati əhəmiyyət kəsb edir. Bu baxımdan yazılan əsərlər, tarixi sənədlərlə yanaşı çəkilən bədii və sənədli filmlər də mühüm əhəmiyyət kəsb edir. Elə yanvarın 18-də Bakıda təqdimatı keçirilən “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi kimi.

Bu sənədli filmi, əslində bir videotəqdimatlı tarix dərsi kimi də dəyərləndirmək olar

Azərbaycan xalqının qəhrəmanlıq tarixində öz yerini alan, Ulu Öndər Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək uğrunda gedən döyüşlərin 35 illiyi münasibətilə Naxçıvan Televiziyasının hazırladığı bu sənədli filmi, əslində bir videotəqdimatlı tarix dərsi kimi də dəyərləndirmək olar. Çünki bu sənədli filmi izləyənlər, xüsusilə həmin dövrdə hələ dünyaya gəlməmiş bu günün gəncləri müasir Azərbaycanın müstəqilliyinin əldə edilməsi üçün hansı mücadilələr verildiyini, işğalçılara qarşı necə qəhrəmanlıqla mübarizə aparıldığını öyrənirlər.

Elə Sədərəkdəki döyüşlərdə iştirak etmiş və filmin qəhrəmanı Nəzifə Qaybalıyevanın təqdimatdan əvvəl jurnalistlərə açıqlamasında bildirdiyi kimi, o zaman döyüşən hər kəsin qələbəyə inamı sonsuz idi, düşməni dayandırmaq üçün əlindən gələni edirdi. Qeyd edilib ki, həmin vaxt Sədərəyin müdafiəsi üçün bütün bölgələrdən olan gənclər axışıb gəldi, onların birliyi və əzmi sayəsində Sədərək “alınmaz qala” adlandırıldı.

Tədbir zamanı
Tədbir zamanı

Bəli, təqdimatdan öncəki açıqlamalarda da qeyd edildiyi kimi Sədərək döyüşlərinin qəhrəmanlıq tariximizdə önəmli yeri var. Həmin döyüşlərdə gənclərin qeyri-adi bir fədakarlıq nümayiş etdirməsi, əllərində nə silahın, nə də təchizatın olmamasına rəğmən Sədərək uğrunda qəhrəmanlıqla döyüşərək, bir qarış torpağı belə düşmənə vermədiyini xatırlamaqla Dövlət Himnimizdəki

“Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!”

sözlərinin təsadüfən əks olunmadığını bir daha təsdiqləyir.

Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir

Biz yuxarıda qeyd etdik ki, “Sədərəkdən Şuşaya” sənədli filmnin, əslində bir videotəqdimatlı tarix dərsi kimi də dəyərləndirmək olar. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərovanın fikirlərini də bu baxımdan dəyərləndirmək olar. Onun qeyd etdiyi kimi, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir. Çünki filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir.

Qeyd edək ki, layihə rəhbəri və müəllifi Sahil Tahirli, məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, musiqi tərtibatçısı isə Yaqut Süleymanova olan filmin bəhs etdiyi 1990-cı illərin Sədərək döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq tarixində müstəsna yer tutur.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Filmdə də qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasının olduqca ağır, mürəkkəb bir vəziyyətdə yaşayıb varlığını qoruduğu həmin illərdə Sədərək erməni quldurlarının əsas hədəfi idi. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim oğuz-türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalıb, Sədərək, eləcə də bütün Naxçıvanın sovet ordusunun da yaxından dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməyib. 1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyekt dağıdılıb.

1990-cı il yanvarın 19-da Sədərək ilk şəhidlərini verib. Hücumun ilk dəqiqələrindən Naxçıvanın bütün rayon və kəndlərindən Sədərəyin köməyinə gələnlər sinələrini düşmən önündə sipər ediblər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyən Nəzifə Qaybalıyeva idi. O, xəbəri alar-almaz 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərək döyüşlərinə yollanır. Onlarla yaralını xilas edir, Milli Qəhrəman Məhərrəm Seyidov onun qolları arasında əbədiyyətə qovuşur. O dövrdə Nəzifə xanımın Naxçıvan Televiziyasına verdiyi müsahibədən sonra yüzlərlə gənc Sədərəyin müdafiəsinə qalxır. Bu gün də Naxçıvan Televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.