Press "Enter" to skip to content

Azərbaycan həmişə öz vətəndaşına sahib çıxır

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Biz həmişə demişik bunu. Özü də əminliklə: Azərbaycan dövləti, Azərbaycan Prezidenti öz vətəndaşlarını heç bir xarici dövlətin əlində buraxmayıb, buraxmaz da!

Bu əminliyimiz sadəcə sözdən qaynaqlanmır. Biz bunu əməldə görmüşük. Özü də dəfələrlə.

Azərbaycan Prezidenti İlham Əliyev və onun başçılığı altındakı dövlətimiz hətta radikal müxalifətin təmsilçilərini belə İran kimi əzazil bir dövlətin əlindən almağı bacarıb!

Sonuncu belə hadisə bir neçə yazarla bağlı baş vermişdi. Ədəbiyyatçı Xalidə Xalid, şairlər Fərid HüseynŞəhriyar del Gerani, onlardan da öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin məsələsi hər kəsə bəllidir. İllər öncə baş vermiş bu həbslərdə Azərbaycan dövləti təmkinli bir şəkildə İranın üzərinə getmiş və onların azadlığına nail olmuşdu.

İndi də bənzər bir hadisə baş verib. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə açıqlama yayaraq 2023-cü ildə İranda saxlanılmış Azərbaycan vətəndaşı Səfərli Fərid Qabil oğlunun azadlığına nail olunduğunu bildirib.

Yayılan xəbərlərdə qeyd edilir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında mümkün olub.

Məlumatda deyilir ki, Fərid Səfərli 18 yanvar 2025-ci ildə İrandan təhvil alınaraq Azərbaycana qaytarılıb.

O da bildirilir ki, Fərid Səfərli tibbi müayinədən keçirilib və ailəsinə qovuşub.

Xatırladaq ki, Fərid Səfərli Almaniyanın Yena Universitetinin tələbəsidir. O, 2023-cü ildə İrana gedib, orada “casusluq” ittihamı ilə saxlanılıb.

Əslində isə Fərid Səfərli İrana casusluq üçün deyil, sevgilisi ilə görüşmək üçün gedibmiş. Elə o dövrdə mediada yayılan xəbərlərdə deyilirdi ki, Azərbaycanlı tələbə Almaniyaya təcrübə keçməyə gəlmiş bir İranlı qızla tanış olub. Sonra həmin qız İrana qayıdıb. Gənclər İstanbulda görüşmək üçün vədələşiblər. Lakin qız İstanbula gələ bilmədiyi üçün Fərid İrana gedib və hər zamankı kimi İranın fars-molla rejimi daha bir Azərbaycanlını şərləyərək həbs edib…

Fərid indi azaddır, öz ölkəsinə qayıdıb. Bununla da onun İran zindanlarındakı məşəqqəti sona çatıb.

Əlbəttə, belə bir gəlişmə bizi sevindirməyə bilməz. Dövlətimiz adına sevinirik. İlham Əliyevin dediyi “hər bir Azərbaycanlının prezidentiyəm” sözünün sadəcə söz olmadığını növbəti dəfə gördüyümüzə sevinməmək mümkün də deyil.

Bəli, Azərbaycan belə bir dövlətdir. Bu dövlət heç bir vətəndaşını kiminsə əlində girov buraxmayıb, buraxmaz da.

Belə bir yanaşma – davranış Prezident İlham Əliyev üçün ən ali prinsiplərdən biridir. O, bütün fəaliyyəti boyu məhz bu cür sahiblənib dövlətə də, vətəndaşa da!

Ona görə də şəxsən mən istənilən xarici ölkəyə gedəndə özümü çox rahat hiss edirəm. Bilirəm ki, başıma nəsə bir iş gəlsə, Prezident İlham Əliyev sorğu-sualsız vətəndaşına sahib çıxacaq, bütün mümkün vasitələrlə onu qoruyacaq.

Belə dövlətin vətəndaşı olmaq nə qədər gözəldir, deyilmi?

Biz dünyada dövlətlər tanıyırıq ki, vətəndaşları xarici ölkələrin həbsxana künclərində çürüyüb gedir, tükünü belə tərpətmir. Amma Azərbaycan ən qısa müddət ərzində vətəndaşını xarici türmələrdən çıxarmadıqca rahat olmur!

Sonda: Azərbaycan təkcə İran zindanlarından deyil, hətta Ermənistanın əlindən də öz vətəndaşlarını alıb. Özü də dəfələrlə.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.