Press "Enter" to skip to content

“Yanvar” gecəsi uddu Vətən qan yuvasında…

Mövlan ŞAHİD

Son yeniləmə: 19 Yanvar 2025

BAYRAQDAR MEDİA Xaçmazlı qəzəlxan, Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü Mövlan ŞAHİDin qəzəllərini təqdim edir.

*****

Ağlar gözümüz həsrətin hicran yuvasında.
Açmır çiçəyin cənnətimiz can yuvasında.

Doğduqca bizə sübhünü zülmət libasından,
Hürküldü bəşər, gördü ki, cahan yuvasında.

Azadlığımız qərq elədi cümlə cahanı,
Oyandı imanın duyan insan yuvasında.

Şərqin qapısın açdığı gün, Azər(i)baycan.
“Yanvar” gecəsi uddu Vətən qan yuvasında.

Sübhün çağı matəm qucağından oyananlar,
Boyandı qana Azər(i)baycan yuvasında.

Zülmətlər içində boğulan yurdum azadlıq,
Car eylədi axdıqca qan, ehsan yuvasında.

Doğmuş Günəşin rənginə sancıldı qərənfil,
Açdıqca çiçəkləndi Gülüstan, yuvasında.

Olmaz rahat azadlığımı öpməsə könlüm,
Yatmaz ruhu Göylərdə bu Mövlan yuvasında.

*****

Əbədiyyət vüqarıyla ucalan dağdı Şəhid.
Azadlığın yolunda sönməyən çıraqdı Şəhid.

Analar örpəyinin rənginə ruh rəngi qatan,
Atalar qüdrətinə, şanına bayraqdı Şəhid.

Vətən səması açıldıqca yanan gur Günəşin,
Şəfəqindən can alan canlara torpaqdı Şəhid.

Hər qədəm torpağın öp, hər daşının rənginə çök,
Qucaqla ruhunu, al ağuşa, çün sağdı Şəhid.

Bu gözəllik ki, sənindir, bu Vətən şanı şərəf,
Qeyrətin, namusun həm ismətin, papaqdı Şəhid.

Salma, yerlərdəki vicdan utanar, qan bulanar.
Torpaq altında kəfəndən də təmiz ağdı Şəhid.

O, Şəhid ki, gələcək övladımın arıdı, bil,
Sanki hər anda doğulmuş çağamdı, çağdı Şəhid.

Mövlanın ruhuna əlhəm oxuyan bülbülünün,
Səsinin rənginə rənglər qatan soraqdı Şəhid.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.