Son yeniləmə: 21 Yanvar 2025
Yaxud, keçilməyən dərs, məktəb foyesində “yox olan” erməni 26-lar və dəyişməyən şovinizm reallığı
BAYRAQDAR MEDİA – O müdhiş, dəhşətli, qanlı gecədən tam 35 il ötür. Düz 35 il öncə yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı sovet imperiyasının qaniçən sifətini bir daha gördü. Əslində, biz bu cür qanlı faciələrlə tarixin müxtəlif dövrlərində də üzləşmişik. Hər dəfə bu cür vəhşiliyi törədən dövlətin və yaxud imperiyanın adı fərqli olsa da mahiyətində bir həqiqət dayanıb –velikorus şovinizmi!
Bəli, məhz “velikorus şovinizmi”ndən irəli gələrək zaman-zaman azadlıq, haqq-ədalət tələb edən xalqımıza dəhşətli faciələr yaşadılıb. Bir növ, xalqımız cəzalandırılıb. Çünki “velikorus şovinizmi”nin daşıyıcıları ancaq və ancaq digər xalqlara “hüquqsuz kölə”, “səsini çıxarmağa cürəti olmayan adi bir canlı” kimi yanaşıblar. Bunun əksini görəndə xislətlərindən irəli gələrək qanlı cəza maşınını işə salıblar. Azərbaycan xalqına qarşı bu cür faciələr törədiləndə isə adəti üzrə vasitə kimi hər zaman bədnam qonşumuz ermənilərdən istifadə edilib.
Azərbaycan xalqı imperiya rəhbərliyinin qəzəbinə tuş gəldi
Elə 35 il öncə də belə oldu. Öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı imperiya rəhbərliyinin qəzəbinə tuş gəldi. Mixail Qorbaçov başda olmaqla o zaman SSRİ rəhbərliyi xalqımızın bu mübarizə əzmini qırmaq, daha sonrakı mərhələ üçün planlaşdırılan çirkin məqsədlərə çatmaq üçün 20 Yanvar faciəsini törətdi. Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı. Məhz buna görə də Bakıya və respublikanın digər yerlərinə yeridilən sovet əsgərlərinə Azərbaycan xalqına qarşı dəhşətli divan tutmaq, bacardıqca daha ağır formada cinayət törətmək göstərişi verilmişdi. Çünki dediyimiz kimi, “velikorus şovinizmi”nin həmin dövrdəki daşıyıcıları Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxmasını heç bir halda sinirə bilmir, bunu öz təbirlərincə “təbəənin ağasına qiyamı” kimi dəyərləndirərək, haqq səsini çıxaranlara unudulmayacaq bir dərs vermək istəyirdilər. Lakin hər şey əks istiqamətə inkişaf etdi.
Əl atılan qanlı cinayət sovet rəhbərliyi üçün bumeranq effekti verdi
Əl atılan qanlı cinayət sovet rəhbərliyi üçün bumeranq effekti verdi. Bu faciə qanlı sovet imperiyasının süqutunu daha da tezləşdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın, dinc Azərbaycan xalqına atılan güllələr mənəvi baxımdan elə SSRİ-nin özünə geri döndü. Qanlı yanvar SSRİ daxilindəki digər xalqların da azadlıq mübarizəsinə qalxmasına təkan verdi və cəmi bir il sonra – 1991-ci ildə sovet imperiyası süqut etdi.
Beləliklə, bütövlükdə bu savaşın qalibi Azərbaycan xalqı oldu. Azərbaycan xalqı bir an belə azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda müabrizəsindən geri dönmədi. Eyni zamanda, 20 Yanvar faciəsindən sonra milli azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin əsasını isə faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirən Ümummilli lider Heydər Əliyev qoydu.
Həmin faciə bizlərin də həyatında dərin iz buraxdı
Bu məqamda, onu da xüsusi olaraq qeyd edim ki, həmin faciə uşaqlıq, məktəbli dövrünə təsadüf edən bizlərin də həyatında dərin iz buraxdı.
35 il əvvəl orta məktəbin 10-cu sinfində oxuyurdum. Ümumiyyətlə həmin vaxt xalqımızın başına gətirilən müsibətlər bizi daha tez böyüməyə vadar etmişdi. Yaşımızdan qat-qat böyük görünür, böyüklərlə birgə Azərbaycanın taleyinin necə olacağına dair diskussiyalara qatılmağa həvəs göstərirdik. Yalnız sonralar dərk edəcəkdik ki, bu, özündən böyük görünmə istəyi bizlərə olduqca baha başa gəlib. Şagird sevincini, gənclik duyğularını yaşamaqdan məhrum edib bizləri bu istək. Özümüz də istəmədən girovuna çevrildiyimiz bu istəyin nəticəsidir ki, həmin dövrün məktəbliləri olan bizlər gəncliyimizi hiss etmədən, necə deyərlər, rəqəm baxımından olmasa da, mənəvi baxımdan qocalmağa başladıq.Bu qocalmanın əsası isə məhz həmin müdhiş tarixdə qoyuldu.
İşığı söndürülən “Günün ekranı”nı, səsi batırılan Azərbaycan radiosu
Əvvəllər də qeyd etdiyim kimi 1990-cı il yanvarın 19-u axşam mən də televiziyanın qarşısında oturub, həvəslə növbəti “Günün ekranı”nı gözləyirdim. Əslində, “Günün ekranı”nda elə də qeyri-adi bir şeyin deyiləcəyi gözlənilmirdi. Çünki Azərbaycanın həmin vaxt rəhbəri olan Əbdürrəhman Vəzirovun və onun müti komandasının istəyindən kənar bir şeyin deyiləcəyini gözləməyin özü sadəlövhlük idi. Lakin “suda boğulanın saman çöpündən yapışdığı” kimi, bizim də baxacağımız digər televiziya kanalı olmadığı üçün (həmin dövrün mərkəzi televiziyası erməni təbliğatına xidmət etdiyi üçün ondan söhbət açmağa belə dəyməzdi-N.A) bütün nəzərlərimiz Azərbaycan Televiziyasına istiqamətlənmişdi. Lakin sözügedən tarixdə “Günün ekranı” efirə getmədi. Daha doğrusu, televiziyanın ekranındakı görüntülər qəfildən itdi.
Bizimkilər günahı antenada görsələr də, ürəyimə nəsə damıbmış kimi dərhal radionu açdım. Amma burada da təkcə “qəzəblənmiş xalq kütləsi meydanlara toplaşıb…” sözlərini eşidə bildim. Və radionun da səsi batdı. Yalnız sonralar biləcəkdik ki, əslində, buna səbəb sovet əsgərlərinin əməlləri olub.
Beləliklə, nigarançılıqla yatmağa çalışdıq. Çünki bu aralarda hər kəs sanki hansısa xoşagəlməz hadisənin olacağı xofu ilə yaşayırdı. Televiziya və radionun səsinin qəfil “batması” isə bizim də həmin xofun ağuşuna düşməyimizə səbəb oldu. Və gecə saat 4-də maşın siqnalları və qonşuların səs-küyü narahatlığımızın əsassız olmadığını təsdiqlədi. Atam həyət qapısını açanda qonşumuz Həsən dayı ağlaya-ağlaya “ay Nəbi deyirlər Bakıda hamını qırıblar, indi də bura gəlirlər, bəlkə uşaqları kəndə göndərək, gizlənsinlər” dedi. Lakin həmin gecə Bakıda qırğın törədənlər, yəni, sovet əsgərləri Yevlaxa gəlmədilər. Heç sabah da gəlmədilər. Bununla belə, biz bir neçə gün gecələr “birdən bu gün gəlib bizi qırarlar ey” qorxusu ilə yaşadıq…
“Uşaqlar bu gün dərs olmayacaq”
Yanvarın 20-i səhər məktəbə getdik və bizi direktorumuz Raquf müəllim qarşıladı. Direktorumuz hüznlü halda “Uşaqlar bu gün dərs olmayacaq. Gedin evlərinizə, xalqımızın başına dəhşətli faciə gəlib” dedi. Biz geri dönmək istəyərkən bir nəfərin “çox müstəqillik, azadlıq deyirdilər. Artıq onların sonu çatdı” sözlərindən diksindik. Hər kəs qeyri-ixtiyari nəzərlərini direktora zillədi. Raquf müəllim isə qəzəbli bir tonda əlini Mixail Qorbaçovun məktəbin foyesindəki şəklinə tuşlayıb “azadlıq istəyənlərin deyil, bunların sonu çatdı” dedi.
Son söz əvəzi
Şəkildən söz düşmüşkən, yazıma da şəkillə bağlı bir xatirə ilə yekun vurmaq istəyirəm. 20 Yanvar faciəsindən sonra məktəbimizin foyesindəki “26 Bakı komissarları”nın şəkilləri daha çox diqqətimi cəlb etməyə başlamışdı. Əslində, o şəkillər uzun illər idi foyeyə vurulmuşdu. Lakin qanlı yanvar gecəsindən sonra şəkillərdən mənə sanki düşmənlərin baxdığı hissini yaşayırdım. Nəhayət, bir gün dərsdən sonra (ikinci növbədə dərs keçiridik –N.A) bir qədər foyedə türk qardaşlarımız demiş, oyalanmağa başladım və ani məqamdan istifadə edərək şəkillər sırasından erməni soyadı daşıynların bir hssəsinin şəkillərini çıxarıb, məktəbdən çıxdım. Ancaq evə getmədim. Məktəblə evimiz arasında 10-15 dəqiqəlik məsafə olsa da, həmin gün evə 1 saat sonra gəldim. Çünki ayrı-ayrı küçələri gəzərək xəlvəti şəkildə əlimdəki şəkilləri parça-parça edib, kanalizasiyaya atırdım.
Səhərisi gün məktəbdə qısa bir həngamə qopdu. Amma yenə də Raquf müəllimin gur səsi hər şeyi yoluna qoydu- “Əşi boş verin, yəqin dəyişmək üçüm müəllimlərimiz çıxarıb, o şəkillər onsuz da saralmışdı”.
Hər kəs çəkilib, getdi. Amma məni sanki durduğum yerə pərçimləmişdilər. Ayağım getmirdi. Elə bu vaxt yenə rəhmətlik Raquf müəllimin səsini eşitdim – “Nadir sinif jurnalınız məndədir. Gəl onu da apar”.
İçəri girdim və bu gün də qulağımdan getməyən sözləri eşitdim – “Nadir, bilirəm şəkilləri sən çıxarmısan. Çünki neçə gündür o şəkillərin önündə var-gəl etdiyini görürdüm. Qorxma, kimsə heç nə bilməyəcək. Əslində yaxşı eləmisən. Amma ehtiyatlı ol”.
İlk şərhi yaza bilərsiniz