Press "Enter" to skip to content

20 Yanvar azadlıq ideallarına sədaqət rəmzidir

Balaca findanlar da tədbirə hazırdır

BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Bildirilir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, təhsil kuratoru Leyla Quliyeva, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin aparıcı mütəxəssisi Rasim Mirzəyev, Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov da iştirak edib.

Tədbirin əsas hissəsi başlamazdan öncə məktəbin adını daşıdığı 20 Yanvar şəhidi Rüstəm Əliyevin xatirə guşəsi ziyarət edilib, qarşısına çiçəklər qoyulub.

Ardından qonaqlar şagirdlərin hazırladığı 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.

Tədbir məktəbin akt zalında sayğı duruşu və Azərbaycan Himninin ardından şagirdlərin ifasında “Azadlıq marşı” ilə davam edib.

Sayğı duruşu
Sayğı duruşu

Tədbirin rəsmi hissəsində qonaqlardan Leyla Quliyeva, Rasim Mirzəyev və Teyyub Həsənov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının mübarizə tarixi üçün əhəmiyyətindən bəhs edib.

Məktəbin tarix müəllimi Vətən Hüseynov da bu günün tarixi və milli yaddaşdakı yerinə dair maraqlı çıxış edib.

Ardından da tədbirin bədii hissəsi keçirilib. Məktəbin istedadlı şagirdləri vətənpərvərlik mahnıları oxuyub, 20 Yanvara həsr edilmiş şeir və səhnələrlə çıxış ediblər. Şagirdlərin hazırladığı kompozisiyanı tədbir iştirakçıları böyük maraqla qarşılayıb.

Vətənpərvər şagirdlər
Vətənpərvər şagirdlər

Vurğulanır ki, tədbir bir daha şəhidlərin xatirəsinin əziz tutulduğuna və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirməyin əsas məqsəd olduğuna dəlalət edir.

Tədbirin sonunda məktəbin direktoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət çıxış edib, şagirdlərin təqdim etdiyi proqramı yüksək qiymətləndirərək onların bu ruhda yetişməsinin önəmini vurğulayıb.

Direktor deyib ki, 20 Yanvar 1990-cı ildə baş verən hadisələr Azərbaycan xalqının ən şərəfli tarixi səhifələrindəndir. O, qeyd edib ki, məhz həmin gün Azərbaycan xalqı yalın əllə rus tanklarına qarşı dirəniş göstərməklə azadlıq və müstəqillik ideallarına nə qədər bağlı olduğunu növbəti dəfə sübut edib.

Tədbirdə hələ o vaxtlar Moskvada yaşayan Ulu Öndər Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək bu cinayət əməli ilə bağlı dünyanı məlumatlandırması da ayrıca qeyd edilib.

Əlavə edək ki, məktəbin şagirdləri Şəhidlər Xiyabanına gedərək məzarların üzərinə gül dəstələri də düzüblər.

Şagirdlər Şəhidlər Xiyabanında
Şagirdlər Şəhidlər Xiyabanında

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.