BAYRAQDAR MEDİA – Azərbaycanda qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədi ilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə vurğulanır ki, “hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədi ilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.
Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir”.
Sonra xəbərdə, “respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədi ilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz