Press "Enter" to skip to content

Almaniyada ifrat sağçılarla bağlı narahatlıq

Ölkə üçün xüsusi önəm kəsb edən seçkilərdə Dönər Partiyası da iştirak edəcək

BAYRAQDAR MEDİA – Türklərin Avropaya gətirdiyi dönərçilik mədəniyyəti ilk dəfə olaraq siyasi arenada öz yerini tutacaq.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata əsasən, fevralın 23-də keçiriləcək ümumi seçkilərə hazırlaşan Almaniyada bu dəfə daha bir partiya seçkilərə qatılacaq. Söhbət Döner Partiyasından (Die Döner Partei) gedir.

Qeyd edilib ki, Frankfurtda qurulan partiyanın seçkilərdə namizəd irəli sürməsi üçün ən azı 27 min imza toplaması lazımdır: “Ən böyük seçki vədi dönər kababının qiymətlərini məqbul səviyyəyə (3,5 avro) endirmək olan Dönər Partiyası ölkədə bərabərliyi və immiqrant hüquqlarını müdafiə edir. Partiya qurucuları dönərin sadəcə bir ləzzət olmadığını, ölkəyə mühacirlərin, xüsusən də Almaniyada yaşayan türklərin inteqrasiyasının simvolu olduğunu vurğulayırlar”.

Məlumatda əlavə edilir ki, partiyanın rəsmi adı “Deutsche Partei für die ökonomischer Neuordnung essentieller Ressourcen” (türkcə tərcüməsi “Əsas qaynaqların iqtisadi yenidən təşkili üçün Alman Partiyası”) olaraq elan edildi. Partiya adının baş hərflərindən ibarət olan “Döner” abbreviaturası ilə tanınacaq. Partinin şüarı isə “Ən ləzzətli partiya”dır.

Məlumat üçün bildirək ki, bu seçkilər Almaniyanın siyasi və idarəçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Çünki əvvəla bu seçkilər haqqında qərar Almaniya Federal Məclisində dekabrın 16-da kansler Olaf Şoltsa etimadsızlıq səsverməsindən sonra qəbul edilib.

Digər tərəfdən bu seçkilər Batı ölkələrində ifrat sağçıların hakimiyyətə gəlməsi fonunda keçirilir. Yeri gəlmişkən bu ölkədə “Forschungsgruppe Wahlen” sorğu mərkəzinin ZDF kanalının sifarişi ilə apardığı sorğuya qatılanlar arasında da ifrat sağçılara dəstək verənlərin az olmadığı üzə çıxıb. Məlumata görə, sorğuda iştirak edənlərin 30 faizi Xristian Birlik (CDU/CSU) partiyalarına, 21 faizi isə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) səs verəcəklərini deyiblər. Hazırkı Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokrat Partiyası (SPD) 15 faizlə üçüncü, Yaşıllar Partiyasına 14 faizlə dördüncü olub. Bu rəy sorğusu isə narahatlıqla qarşılanıb. Çünki dekabrda keçirilən rəy sorğusunda ifrat sağçılar 19 faiz səs aldıqları halda yanvarda artıq dəstək ifadə edənlərin sayı 21 faiz olub.

Seçkilərlə bağlı digər bir məqam da bəzi maraqlı partiyalarla bağlıdır. Məsələ burasındadır ki, seçkilərdə iştirak etmək üçün müraciət edən 56 partiya arasında türklərin öncüllüyü ilə qurulan “Müxtəliflik və Oyanış Uğrunda Demokratik Alyans” (Demokratischen Allianz für Vielfalt und Aufbruch-DAVA) Partiyası ilə yanaşı “V-Parti” (Dəyişiklik, Vegetarianlar və Veganlar Partiyası), “Gartenpartei” (Bağ Partiyası) kimi qəribə adları olan siyasi birliklər də var. Bu partiyalar yanvarın 20-dək yerli seçki komissiyalarına birbaşa müraciət edə bilər və onların seçkidə iştirak edib-etməməsi ilə bağlı qərarlar yanvarın 24-də veriləcək.

Mission News Theme by Compete Themes.