BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında akademik Vaqif Fərzəliyevin elmi işlərinin biblioqrafik göstəricisi çapdan çıxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “nəşr neft kimyası və üzvi kimya sahəsində görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli V.Fərzəliyevin 85 illik yubileyi münasibəti ilə AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunub. Biblioqrafik göstəricidə alimin həyatının əsas tarixləri, elmi, pedaqoji, elmi-təşkilati və ictimai fəaliyyəti haqqında oçerk verilib. Vəsaitə V.Fərzəliyevin aşqarların təsir mexanizminin və aşqarlar kimyasının digər nəzəri məsələlərinin öyrənilməsi sahəsində apardığı elmi-tədqiqat işlərinin ən mühüm nəticələri, həmçinin doktorantlara və dissertantlara elmi rəhbərliyi və elmi fəaliyyətinə dair məlumatlar daxil edilib”.
Sonra xəbərdə, “nəşrin elmi redaktorları akademik Dilqəm Tağıyev və MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri kimya üzrə fəlsəfə doktoru, Dos. Mehparə Səfərova, texnika elmləri doktoru, Dos. Yulduz Ramazanova və şöbənin əməkdaşı Türkan Vahidovadır” deyə qeyd edilir.
Vəsait kimya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr üçün dəyərli elmi mənbədir.