BAYRAQDAR MEDİA – Son illər ölkədə, xüsusən iri şəhərlərdə, o cümlədən Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulduğunu müşahidə edirik. Yeni infrastruktur yaşıl texnologiyalara əsaslanır. Bakıdan rayonlara yataq tipli qatarların fəaliyyəti bərpa edilib, elektrik sürət qatarlarının yeni marşrutları yaradılıb. Bakıda tıxacın əsas səbəbi olan “Prius” bumu aradan qaldırılıb, “manatlıq taksi”lər ləğv edilib, ili köhnə avtomobillər xətdən çıxarılıb.
Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, həmçinin bildirib ki, “bütün bunlar atmosferdə karbon emissiyasının azaldılmasına hesablanıb. Dünyada karbonsuz nəqliyyata keçid trenddir. Ölkəmizdə də nəqliyyat infrastrukturu ilə bağlı qabaqcıl təcrübələr tətbiq olunur. Bakıda velosiped yolları yaradılıb, skuterlər artıb. “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ildə bununla bağlı güclü piar aparıldı. Lakin COP29-dan sonra bəziləri belə fikir formalaşdırmağa çalışır ki, velosiped yolları müvəqqətidir, tezliklə ləğv ediləcək. Çox təəssüf ki, bu təbliğatı aparanlar arasında media kapitanları, QHT sədrləri də var. İctimai fəal, media kapitanı yaşıl nəqliyyatı təbliğ edər, “COP29 bitdi, velosiped zolaqları ləğv edilsin” deməz. Bərpa olunan enerjiyə keçid siyasəti müvəqqəti bir tendensiya deyil. Yaşıl nəqliyyata keçid karbon emissiyasının azadılması üzrə dövlətin götürdüyü öhdəliklərə uyğun həyata keçirilir. Əksinə, biz təbliğ etməliyik ki, velosiped yolları Bakının başqa ərazilərinə doğru genişləndirilsin”.
E.Cəfərli, “Bakının mərkəzindəki Xaqani bağı ərazisi, “28 may” metrostansiyasının çıxışı, Cəfər Cabbarlı heykəlinin arxası son yenidənqurmadan sonra insanyönümlü olub. Əraziyə minik avtomobllərinin girişi yasaqlanıb. Bu, olduqca vacib və yerində verilən qərardır. Əhalinin sürətlə artması ilə əlaqədar Bakıda hərəkət çətinləşib. Paytaxt şəhərdə şəxsi minik avtomobillərinin əlindən hərəkət etmək olmur. Avropanın iri şəhərlərinin təcrübəsi göstərir ki, tıxacdan yeganə çıxış yolu şəxsi minik avtomobillərinin sayının azaldılması, ictimai nəqliyyatın işinin daha gücləndirilməsidir. Jurnalistlər evindən “Azərbaycan” nəşriyyatının yanına olan məsafə nə qədərdir ki, media kapitanı CİP-indən düşmək istəmir? Bu məsafəni velosipedlə, skuterlə də gəlmək olar. Bəli, feodal eqosundan ilk növbədə baş yazar, QHT sədri, ziyalı xilas olmalıdır. Bu addımı biz atmasaq, heç kəs atmayacaq. İlk olaraq tanınmış simalar velosiped mədəniyyətini yaymalıdırlar. Necə olur Londonun meri, Hollandiyanın Baş naziri işə metro ilə, velosipedlə gedir, bizim “QHT sədri Əlövsət” az qala ayaqyoluna da “Prado” ilə getmək istəyir? Özü bir yana, cəmiyyətə də yanlış mesaj verir, velosiped yollarını tıxacın əsas səbəbi hesab edir. Bu adamlar ya dövlətin apardığı siyasəti anlamırlar, ya da bilərəkdən əks-təbliğat aparırlar”.
“Hazırda Bakıda hər gün insanların 2-3 saatı tıxaclarda keçir. Yaxşı, biz bundan nə zaman qurtulacağıq? Hansı modelimiz var? Modern dünyanın qəbul etdiyi yollar, variantlar var. Onlardan biri elektrik qatarlarının, tramvayların çəkilməsi, velosiped yollarının salınmasıdır. Bunu da dövlətimiz edir. Bu işə köstək yox, dəstək olmaq lazımdır. Mənim fikrimcə, İçərişəhər ərazisinə minik avtomobilləri buraxılmamalıdır. Bu məhdudiyyət tədricən digər küçələrə də tətbiq olunmalıdır. Şəhərin mərkəzi küçələri ilə yalnız ictimai nəqliyyat, tramvaylar, dövlət qurumlarına, diplomatik korpusa, təcili tibbi yardıma aid maşınlar hərəkət etməlidir. Başqa yolla biz bu “tıxac cəhənnəmi”ndən qurtula bilməyəcəyik”, – deyə E.Cəfərli qeyd edib.
İlk şərhi yaza bilərsiniz