Press "Enter" to skip to content

Şəxsimi hədəfə alan şər maşını üçün daha bir bilgiləndirmə…

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Əvvəlki qədər deyil, amma yenə də şəxsimlə bağlı yalan-yanlış bilgilərlə üstümə gələnlər var. Bu adamları vaxt-vaxtdan bilgiləndirirəm ki, çaşmasınlar. Lakin bəzi şəxslər gerçəkləri bildikləri halda belə yenə də öz uydurduqları yalanlarda israrçıdırlar…

Neynək? Yenə də bilgiləndirməyə davam edək.

Söhbət mənim siyasi kimliyim – əqidəmdən gedir. Bir dəstə adam var, ikidə bir durub iddia edirlər ki, guya siyasi yolumdan sapmışammış, əqidəmə xəyanət etmişəmmiş! Elə belə də iddia edirlər!

Bəlkə də bu adamlara baş qoşmamaq olardı. Yəni əgər gerçəkləri bildikləri halda bunlar öz uydurduqları yalanlarla silahlanıb üstümüzə gəlməyə israr edirlərsə, “it hürər, karvan keçər” deyib yola vermək ən doğrusudur. Amma iş ondadır ki, bu uydurmaları şəxsimizi yaxşı – bəzən də ümumiyyətlə tanımayan gənclər gerçək kimi qəbul edir, üstümüzə gələnlərin sıralarını genişləndirirlər…

Əlqərəz, bu baxımdan dövri olaraq özümdən yazmalı – danışmalı oluram…

Beləliklə, ilk yalan: guya mən partiyama xəyanət etmişəmmiş! Bir var yalan, bir də var ağappaq yalan! Bu, ağappaq olanındandır!

Bilməyənlər bilsin, mən heç vaxt partiyama xəyanət etməmişəm! Edə də bilməzdim, bilmərəm! Çünki xəyanət xarakterimə yad və ziddir!

Lakin məsələ heç mənim xarakterimdə də deyil! Xəyanət edəcək birisi olsaydım belə yenə də partiyama xəyanət etmiş olmayacaqdım!

Üzvü olmadığım partiyaya xəyanət?..

Çünki!

Çünki mən heç vaxt heç bir partiyanın üzvü olmamışam! Bəli, bəziləri üçün nə qədər təəccüblü görünsə də xəbəriniz olsun ki, bu yaşıma qədər heç vaxt siyasi partiya üzvü olmamışam! Ona görə də üzvü olmadığım siyasi quruma necə xəyanət edə bilərəm? Azacıq məntiqi olanlar bu suala cavabı məndən gözləmir hər halda.

Bir də iddia edirlər ki, Əli Kərimlinin ətrafında olmuşammış. Hətta Əli Kərimlinin məni maliyyələşdirdiyini iddia edən beyinsizlər də gözə dəyir ara-sıra!

Yalan, yalan, özü də ağappaq yalan!

Bilməyənlər bilsin, bildikdən sonra da hər kəsə bildirsin: nə Əli Kərimlinin təşkilatının üzvü olmuşam, nə də ətrafında! Sadəcə 1998-2005-ci illərdə “Azadlıq” qəzetində işləmişəm. Yalnız 1998-ci ildə – 1 il ərzində o qəzetdən qonorar almışam. Sonrakı dövrdə isə əsasən köşə yazıları yazmışam, qəzetin maddi durumu yaxşı olmadığı üçün heç o qonorarı da almamışam ki, sıxıntı çəkməsinlər!

Hələ onu da iddia edənlər var ki, guya Əli Kərimlinin məlum “Yurd”unun üzvü olmuşam! Bu suala cavabı Əli Kərimli də, “Yurd”un hazırda hətta Milli Məclisdə təmsil olunan üzvləri də, mediadakı çoxsaylı həmkarlarımız da verə bilər: Azər Həsrəti orada görən, bilən, bunu dəlil-sübutla göstərə biləcək heç olmasa bir adamı mənə nişan verin! Verə bilməyəcəksiniz, çünki heç vaxt o qruplaşmanın da üzvü olmamışam!

Ümumiyyətlə isə şəxsən hansısa qruplaşmalara bağlı olmağı özüm üçün azadlığımın boğulması kimi qəbul etdiyimdən heç vaxt heç yerə və heç kimə bağlanmamışam!

Hətta bəzən Müsavat Partiyasının üzvü olduğumu iddia edənlər gözə dəyir! Heyrətlənirəm! Partiya yerindədir, onun başqanı İsa Qəmbər də əlçatandır, soruşun, dəqiqləşdirin də! Çətin işdir?

Əqidəm heç vaxt dəyişmədi!

Əqidəmə gəlincə!

Əsas da gənclər arasında bəziləri çıxıb iddia edir ki, əqidəmi satmışam – dəyişmişəmmiş!

Onlardan soruşanda ki, “satdığımı” iddia etdiyiniz əqidəm haqqında nə bilirsiniz, gözlərini döyürlər! Çünki şəxsimi gözdən salmaq üçün uydurulmuş bir yalanla üstümə gəlirlər!

Dəfələrlə izah etmişəm, demişəm, usanmıram yenə də deyirəm: mənim əqidəm təxminən 40 il öncə nə idisə, indi də odur! Aradakı – geridə qalan illərdə də eyni əqidənin daşıyıcısı, yenilməz tərəfdarı, vazkeçməz ardıcılı olmuşam! Və heç vaxt da bu əqidəmdən vaz keçmədim, keçən də deyiləm!

Əqidəmi görmək – öyrənmək istəyənlər yazılarıma, çıxışlarıma, müsahibələrimə baxsınlar! Ağzımdan çıxan sözümmü mənim kimliyimi daha dəqiq göstərir, yoxsa kimlərinsə uydurmasımı? Əlbəttə ki, bir insan nə danışır, necə davranırsa, elə o cür də olur! Ən azından mənim kimi xarakter sahibləri belədir! Biz olduğumuz kimi görünüb, göründüyümüz kimi oluruq yalnız!

Əqidəm Türk milliyyətçiliyi – Turançılıqdır! Kimsə hansısa mərhələdə bu idealımdan sapdığımı, vaz keçdiyimi, azacıq da olsa ayağımı yana qoyduğumu görübmü, eşidibmi? Varmı elə bir adam ki, gələ və bunun əksini sübut edə? Gəlsin, görək o adamı!

Şəxsimi yaxından tanıyanlar bilir, olduqca şəffaf bir insanam. Heç bir gizlinim yoxdur. İctimai fəaliyyətim, media çalışmalarım, xarici səfərlərim, oturub durduğum dost-tanış, ailəmə qədər cəmiyyətə açıqdır! Belə bir şəraitdə necə ola bilər ki, haqqımda yalan-yamalaq şeylər uydurub özəlliklə də şəxsimi tanımayan gəncləri buna alət edə kimlərsə?

İlham Əliyev məni hədəflərimə aparır!

Bir də ona aydınlıq gətirmək vacibdir: deyirlər ki, bir zamanlar radikal tənqidçi – müxalifət tərəfdarı idim, indi necə olur tənqid etdiyim İlham Əliyevi dəstəkləyirəm?

Bu sualın cavabı da çox sadədir: bir zamanlar inanıb-güvənib dəstəklədiyim müxalifət bizim ideallarımızı gerçəkləşdirə bilmədi, biləcəyinə də ümid sıfırlanıb. Amma İlham Əliyev gözləntilərimizin əksinə olaraq şəxsən mənim yolunda yürüdüyüm böyük ideallara doğru sürətlə və uğurla hərəkət edir, bütün dünya da bunu görür. İndi bu lider məni hədəfimə aparıb çıxaracaqsa, niyə onun arxasınca getməyim? Bizi İlham Əliyevin arxasınca getdiyimizə görə ittiham edənlər, sizin arxasınca getdiyiniz və məni də yoluna dəvət etdiyiniz liderlər axı o yolu gedə bilmədilər, bilmirlər…

Etməyin belə! Yalan, böhtan kişi işi deyil! Həm də mənim bilmədiyim, eşitmədiyim, görmədiyim yerlərdə bunu etmək nəinki kişi, heç arvad işi də deyil! Ki, bəziləri bunu rahat-rahat edirlər!

Bütün bu izahları bəzilərinin şəxsimi məqsədli hədəfə alan uydurmalarına aydınlıq gətirmək üçün yazmalı oluram. Yoxsa belə şeylərə vaxt xərcləməyə heç həvəsli deyiləm. Onsuz da həmişə inanmışam; arxasınca qırx köpəyin hürmədiyi qurda qurd deməzlər ki. Həm də hədəfi böyük olanların ikidə bir durub xırda adamlara baş qoşması da uyğun olmazdı. Amma nə edəsən ki, milçək bir şey olmasa da könül bulandıra bilir də…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.