Press "Enter" to skip to content

Bir daha İnternet Mübadilə Mərkəzi ilə bağlı

Osman Gündüz

BAYRAQDAR MEDİA – Ölkə daxilində İnternet Mübadiləsi Mərkəzi ilə bağlı məsələni yenidən bir xeyli araşdırdım.

Gəldiyim qənaətləri bölüşürəm:

1.İnternet Mübadiləsi Mərkəzləri (Internet eXchange Point – IXP) ilə bağlı qlobal resurslarda həqiqətən də Azərbaycanla bağlı məlumatlar yoxdur. Görünür, əvvəllər Delta Telecom tərəfindən aparılan az-ix.net adlı belə bir layihə olub, amma sonradan bu qlobal resurslardan Azərbaycanla bağlı məlumatlar silinib.

2.Azərbaycanda iki magistral provayder – Delta Telecom və Azertelecom arasında arabağlantı (buna IXP demək doğru olmazdı) var. Yəni bu iki qurumun provayderləri arasındakı mübadilə trafiki xaricə çıxmaya bilər.

Əgər hər iki magistralın daxili siyasəti xarici tranzitdən istifadə etməyi tələb edirsə və ya bəzi İSP-lər birbaşa bu əlaqəyə qoşulmayıbsa, trafik xaricə çıxa bilər.

Maraqlıdır ki, lokal, 2-ci səviyyəli provayderlər bu bağlantıya qoşulmayıb. Bu xidmət ödənişlidir.

Eyni zamanda, yeni yaranan magistral provayder olan Aztelekom ilə digər magistralların bağlantısı haqqında da bilgilər yoxdur. Halbuki əsas regional trafikimiz bu provayder üzərindədir.

3.Görünən odur ki, bizdə bütün lokal və magistral provayderləri birləşdirən rəsmi, şəffaf, hamı üçün bərabər əsaslarla istifadə edilə biləcək IXP indiyədək formalaşmayıb. Əgər lokal provayderlər eyni magistrala bağlıdırsa, mübadilə elə bu magistral üzərindən gerçəkləşir, yox, əgər provayderlər müxtəlif magistrallara bağlıdırsa, onda mübadilə birbaşa deyil, magistrallar üzərindən olur. Yəni hər magistralın mübadilə mərkəzi, əslində, onun özüdür.

4.Azərbaycanda iki provayder arasındakı trafik mübadiləsinin marşrutuna traceroute vasitəsilə baxsaq görərik ki, bu marşrut xeyli qəlizdir. Trafik çox sayda marşrutlardan (routerlərdən – Hop) keçərək son nöqtəyə çatır. Bu Hop-ların ortalama sayı qonşu ölkələrdə 2-4 arasındadır, bizdə isə adi istifadəçi üçün (məxsusi İP yoxdursa) 10 civarındadır. Bu isə çox böyük rəqəmdir və bu o deməkdir ki, internetin sürəti hiss olunacaq dərəcədə aşağı düşəcək.

Nə etməli?

Yeni bir magistral provayder – Aztelekom da backbone bazara daxil olub. Güman ki, yaxınlarda daha bir magistral – Starlink də gələcək. A2Z də telekommunikasiya lisenziyası alıb və düşünmək olar ki o da magistral olmaq istəyəcək.

Eyni zamanda RİNN-in apardığı “Onlayn Azərbaycan” layihəsindən sonra regionlarda minlərlə internet istifadəçisi arasında xeyli trafik mübadiləsi baş verir. Amma indiki halda bu regional trafik də magistrallar üzərindən mübadilə olunduğundan internetin sürətində ləngimələr qaçılmaz olur.

Odur ki, İKTA bütün provayderlərin bəhrələnə biləcəyi, şəffaf, bərabər əsaslarla qoşulmaq mümkün olan, bütün magistralların və lokal provayderlərin qoşulduğu, regional mübadilə mərkəzləri ilə inteqrasiya olunan bir Milli İnternet Mübadilə Mərkəzinin (National Internet eXchange Point – NIXP) yaradılmasına təşəbbüs göstərməlidir.

Eyni zamanda, İKTA-nın bu haqda məlumatları qlobal resurslarda yerləşdirməsi də doğru olardı.

P.S. 2024-cü ilin 15 avqust tarixində ölkənin bütün provayderləri birləşib eyni anda minimal tarifləri qaldırdığından düşünmək olar ki, lazım olanda onların birləşib Milli IXP üçün də birgə addım atmasında problem olmayacaq…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.