Press "Enter" to skip to content

33 il öncə bu gün

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Türkiyə-Azərbaycan əlaqələri əbədidir, sonsuzdur və sarsılmazdır

BAYRAQDAR MEDİA – “Eyni kök, eyni din və eyni tarixin daşıyıcıları olan Azərbaycanla Türkiyə arasındakı əlaqələrin kökü yüzillərə söykənir. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkə də məhz Türkiyə olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Məlumat üçün bildirək ki, Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə tam 33 il öncə 14 yanvar 1992-ci il tarixində qurulub.

Bu, əsrlərdən gələn qardaşlıq bağlarının təzahürüdür

Bu məqama diqqəti yönəldən Dr. Yücel Karauz deyib ki, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşməsi heç də təsadüfi deyil: “Əvvəla, bu, əsrlərdən gələn qardaşlıq bağlarının təzahürüdür. Digər tərəfdən isə bu addımla bütün dünyaya bir mesaj verildi ki, Azərbaycanın yanında hər zaman Türkiyə var və olacaq”.

Azərbaycan və Türkiyən bayraqları
Azərbaycan və Türkiyən bayraqları

Müsahibimiz bildirib ki, 33 il əvvəl iki qardaş ölkə arasında diplomatik əlaqələrin başlanması bütün sahələrdə əməkdaşlığa təkan verdi: “Bu gün bu əməkdaşlıq, bu əlaqələr tarixinin ən yüksək nöqtəsinə çatmış və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Təbii ki, bu məqamda da 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin önəmini xüsusi olaraq vurğulamalıyıq. Çünki Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırıldı. Bununla da Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq oldular. Yəni Şuşa Bəyannaməsi qardaşlığımızın strateji müttəfiqliyə çevrilməsi üçün imzalanan mühüm tarixi və qiymətsiz bir sənəddir”.

Türkiyəli general deyib ki, Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri hər il daha da inkişaf edir: “Bu əlaqlərin, əməkdaşlığın müasir dövrdə strateji səviyyəyə çatması və dünyaya örnək olmasında isə iki qardaş ölkənin rəhbərləri – Prezident İlham Əliyev və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qətiyyətli mövqeyi, o cümlədən qardaşlıq münasibətləri öz sözünü deyir”.

Tarixi zəfərdən sonra iki qardaş ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub

Dr. Yücel Karauz qeyd edib ki, məhz bu qardaşlıq münasibətlərindən irəli gələrək 15 sentyabr 2010-cu ildə İstanbulda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə imzalanıb: “Bu imzalanma ilə fəaliyyətə başlayan YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini verib. Həmçinin iki qardaş ölkə arasında strateji əməkdaşlıq mexanizmi formalaşdırılmış, bu istiqamətdə əlaqələr hər il gözdən keçirilərək ortaya yeni hədəflər qoyulmuşdur. Xüsusilə 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100-ci ildönümü ilə bağlı keçirilən paradda iştirak edən hər iki dövlət başçısının bölgüyə və dünyaya verdikləri mesajlar diplomatik əlaqələr baxımından də mühüm əhəmiyyət kəsb etmişdir”.

Şuşa Bəyannaməsinin imzalanması
Şuşa Bəyannaməsinin imzalanması

Türkiyəli general əlavə edib ki, Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi tarixi zəfərdən sonra iki qardaş ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub: “Bu məqamda xatırladım ki, Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizi 28 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib. Eyni zamanda, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verən Türkiyə ilk andan son günə qədər qardaş Azərbaycanın yanında olmuşdur. Bu savaş Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

Türkiyə-Azərbaycan əlaqələri türk dünyası üçün də mühüm əhəmiyyət kəsb edir

O da vurğulanıb ki, istər Azərbaycanın əldə etdiyi tarixi zəfər, istərsə də imzalanan Şuşa Bəyannaməsi eyni zamanda türk dünyasının şahlanışına, bütün sahələrdə daha dərin inteqrasiyasına təkan verib: “Təsadüfi deyil ki, ötən il imzalanmısının 15-ci ildöünmünü qeyd etidyimiz Naxçıvan Sazişi ilə yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası məhz Azərbaycanın tarixi zəfərindən sonra qlobal məkanda daha geniş imkanlara və söz sahibinə malik olmaq üçün təşkilatlanmasında yeni addım atdı. 12 noyabr 2021-ci ildə keçirilən Zirvə görüşündə qurumun Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması qərara alındı. Bu, təkcə sıradan bir addəyişimi deyildi. Bu, əsasında Türkiyə-Azərbaycan əlaqələrinin dayandığı, həmçinin Azərbaycanın tarixi zəfərindən sonra qlobal məkanda daha inamlı addım atmaq iddiasını ortaya qoyan türk dünyasının yeni şahlanışı idi. Yəni, Türkiyə -Azərbaycan əlaqələri təkcə 2 qardaş ölkə üçün deyil, eyni zamanda ümumilikdə türk dünyası üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyə-Azərbaycan qardaşlığı TDT üçün bir örnək təşkil edir”.

Dr. Y.Karauzun sözlərinə görə, Türkiyə-Azərbaycan əməkdaşlığı, eyni zamanda regional və qlobal məkanda üçtərəfli, dördtərəfli əməkdaşlıqlar üçün də baza rolunu oynayır: “Biz buna misal olaraq Türkiyə-Pakistan-Azərbaycan, Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığını göstərə bilərik. Bu əməkdaşlıqlar bölgəyə və dünyaya mühüm töhfələr verir”.

“Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur
“Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur

Müsahibimizin qənaətinə görə, bu gün biz Türkiyə-Azərbaycan əməkdaşlığından danışırıqsa diaspor fəaliyyətinə də diqqət yetirməliyik: “Cənab Prezident İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” deyimindən yola çıxaraq ilkin mərhələdə Türkiyə və Azərbaycan diasporlarının bir mərkəz halında addım atması üçün işlər sürətləndirilməlidir. Bundan sonra isə ümumilikdə türk dünyasının vahid diaspor mərkəzinin yaradılması, xaricdəki proseslərdə eyni mərkəzdən hərəkət edilməsi mümkün ola bilər və vacibdir”.

Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir

Dr. Y.Karauz sonda Türkiyə-Azərbaycan qardaşlığının bundan sonra da davam edəcəyini deyib: “Mən son olaraq Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri ilə bağlı səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident həmin müsahibəsində “Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq” deyir. Həmçinin əlavə edir ki, “Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, – bir qədər bu məsələyə biz toxunduq, – tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya – Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan”. Hesab edirəm ki, bu, olduqca qiymətli və tarixi fikirlərdir. Cənab Prezidentin bu fikirlərindən yola çıxaraq bir daha çəkinmədən bəyan edə bilərik ki, Türkiyə-Azərbaycan əlaqələri əbədidir, sonsuzdur və sarsılmazdır. Keçmişdə də belə idi, bu gün də belədir və gələcəkdə də belə olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.