Press "Enter" to skip to content

 Türkük, bizim yurdumuz hər çağda hür olacaq

Elməddin Behbud

Yaxud, Elməddin Behbudun “Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabı haqqında düşüncələr

BAYRAQDAR MEDİA – Azərbaycan Xalq Cümhuriyyəti dövrü hələ daha çox araşdırılmalıdır. Çünki bu dövrlə bağlı xalqımızın öyrənməli olduğu çox məlumatlar, tarixi faktlar var. Araşdırmalar bəhs edilən dövrdə xalqımız, Vətənimiz üçün mübarizə aparan, lakin bu günə kimi fədakarlıqları hələ tam olaraq cəmiyyətə bəlli olmayan şəxsiyyətlərin həyat və fəaliyyətinə də işıq salır. Belə şəxsiyyətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzurdan seçilən millət vəkili Məhəmmədsadıq Arandır.

Bu, gələcəyə ümidlə baxmağa əsas verir

Məhəmmədsadıq Aran barədə məlumat verməzdən öncə bir məqamı vurğulamağı özümüzə borc bilirik. Söhbət yuxarıda bəhs etdiyimiz araşdırmalardan gedir. Bu gün tam yetərincə olmasa da, bu sahədə atılan addımlar bizi sevindirir və böyük qürur hissi ilə qeyd edirik ki, yaşlı nəsil tarixiçi və araşdırmaçılarla yanaşı gənc və orta nəslin təmsilçilərinin də məsələni diqqətdə saxlması gələcəyə ümidlə baxmağa əsas verir.

Təqdimat zamanı
Təqdimat zamanı

Bu ümidi bizdə yaradanlardan biri də “Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabınin müəllifi “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbuddur. Hər halda ötən həftənin sonlarında, yanvarın 11-də Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat mərasimindəki çıxışlarda da bu məqama vurğu yapıldı, həmçinin, müəllifin sözügedən kitabın əsasında vaxt itirmədən bir elmi iş yazması da təklif edildi.

Beləliklə, öncə onu qeyd edək ki, təqdimatından xoş əhval-ruhiyyə ilə ayrıldığımız “Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabı barədə burada istənilən qədər yazmaq, söhbət açmaq olar. Lakin mən kitabın yazılmasına səbəb olan qəhrəman haqqında istər kitabda əks olunan, istərsə də tarixdən bəlli olan bəzi məqamları vurğulamaqla kifayətlənmək istəyirəm. Çünki “Mücahid ömrü, Məhəmmədsadıq Aran”dan daha dərindən elmi-tarixi, həm də mənəvi həzz almaq üçün dəyərli oxucularımıza bu kitabı oxumağı, Türkiyəli bacı-qardaşlarımız demiş, şiddətlə tövsiyə edirəm.

Sual oluna bilər ki, elmi-tarixi anlaşıldı, bəs mənəvi baxımdan deyəndə nə nəzərdə tutulur? Bu suala cavab olaraq kitabdan bir məqamı burada qeyd edək.

Xalq Cümhuriyyətini quranların dinə yanaşması fanatizmə deyil, real baxışlara söykənib

Deməli, Məhəmmədsadıq Aranın qardaşı Məhəmmədtağı Aranın oğlu, hazırda ABŞ-də yaşayan İlhan Aran məxsusi kitab üçün xatirələrini bölüşüb və orada belə bir məqam var. İlhan Aran deyir: “Bir dəfə əmimə (yəni Məhəmmədsadıq Aranı nəzərdə tutur- N.A) söylədim ki, deyirsiniz bizim babalarımızın hamısı axund, molla, ruhani olulublar. Onların islami baxışı, məzhəbi nə idi? Əmim mənə dedi ki, İslam peyğəmbərinin zamanında heç bir məzhəb olmayıb. İslam vahid dindir. İnsan gərək hər zaman yaxşılıq etməyi çalışsın. Pislikdən çəkinsin. Sən də pislik etməkdən uzaq dur, yaxşı insan ol. Allahın bizə buyurduğu yaxşı işlər görmək, insanlara faydalı olmaqdır. Yerdə qalan bölgülər əhəmiyyətsizdir. Əmimin söylədikləri bu qiymətli fikirlər o zamandan indiyədək hər zaman beynimdədir və çalışıram onun nəsihətlərinə daim əməl edim”.

Dəyərli oxucularımız yəqin niyə məhz bu hissənin məxsusi olaraq xatırladılmasını da sual edə bilərlər. Amma, tələsmədən Məhəmmədsadıq Aranla İlhan Aran arasında gedən söhbətin məğzinə diqqət yetirmək lazımdır. İ.Aranın İslam məzhəbi barədə verdiyi suala M.Aranın cavabı Xalq Cümhiriyyətini quranların necə dərin dünya görüşünə, fəlsəfi baxışlara malik olduğunu, dinə ifrata varmaq, fanatizmə yuvarlanmaq (təəssüflər olsun ki, aradan 100 ildən artıq vaxt keçsə də müasir dövrümüzdə dini məzhəb nağılından, xurafat girdabından qurtula bilməyənlər də var. Bəzən isə belələri hətta ictimai-siyasi proseslərdə ön sırada gedənlər arasında da olur ki, bu ümumiyyətlə fəlakətdir) kimi baxmadığını ortaya qoyur. Bir sözlə, Xalq Cümhuriyyətini quranların dinə yanaşması fanatizmə deyil, real baxışlara söykənib. Yəni, dinə, Allaha inanırsansa hansısa uydurulmuş məzhəb axtarışına çıxma, yaxşılıq et. Bütün inancların mərkəzində məhz yaxşılıq, necə deyərlər, İNSANLIQ durur.

Zəngəzurdan seçilən millət vəkili

Bu məqamı vurğuladıqdan sonra, qeyd edək ki, Milli Məclis üzvlərinin, Türkiyə səfirliyinin, ali məktəblərin müəllim və tələbələrinin, tanınmış elm xadimlərinin, media və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər kitabın ərsə gəlməsini təqdir etməklə yanaşı, Məhəmmədsadıq Aran şəxsiyyətinə işıq salınmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirdilər. Çünki 1895-ci ildə Vətənimizin ayrılmaz parçası olan Zəngəzur mahalının Urud kəndində dünyaya göz açmış, Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzurdan seçilən millət vəkili, yazıçı, jurnalist, qəzetçi, naşir Mirzə Məhəmmədsadıq Axundzadənin (Türkiyədə Mehmet Sadık Aran kimi tanınıb) həyatı, çoxşaxəli fəaliyyətindən bəhs edən bu kitab müasir dövrlə də səsləşir. O baxımdan ki, bu gün türk dünyasının birləşməsində mühüm rol oyanayacaq Zəngəzur dəhlzinin açılması, həmçinin zorla öz doğma yurdlarından didərgin salınmış soydaşlarımızın Qərbi Azərbaycandakı ata-baba ocaqlarına qayıtması üçün haqlı bir mübarizə aparırıq.

Kitabın üz qabığı
Kitabın üz qabığı

Konkret olaraq kitabda əks olunanlara gəlincə, çıxışlarda da qeyd edildiyi kimi bütün həyatını Azərbaycan, Türkiyə, türk dünyası uğrunda mücadiləyə həsr etmiş azadlıq, istiqlal mücahidinin ömrü, kəşməkeşli ictimai-siyasi, ədəbi fəaliyyəti kitabda geniş şəkildə təqdim edilib. Azərbaycan, Türkiyə, İran, Finlandiyada rus-sovet, KQB rejiminə qarşı aramsız mübarizə aparan, kitablar, məqalələr yazan M.Aranın iki kitabı və onlarla məqaləsinin Azərbaycan türkcəsinə çevrilərək bu kitaba salınması xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirildi. Çıxış edənlər onlarla qəzet, dərnək, məktəb, ictimai birliyin təsisçi və rəhbəri olan görkəmli şəxsiyət haqqında kitabı böyük sevgi ilə illərlə çəkən zəhmət hesabına ərsəyə gətirən Elməddin Behbuda xüsusi təşəkkür etdilər.

Elməddin Behbud: Bugünkü sevincimi sizinlə də bölüşmək istəyirəm

Müəllifə gəlincə, sonda çıxış edən Elməddin Behbud “Bugünkü sevincimi sizinlə də bölüşmək istəyirəm. İyirmi ilə qədər müddəti əhatə edən arzunun, axtarışın, zəhmətin maddiləşmiş formasını – kitabı əlinə götürmək insanı içdən fərəhləndirir. Bu, müstəsna mübarizliyi, zəkası, istedadı və xalqımızın azadlığı uğrundakı fəaliyyəti ilə bağlı çəkdiyi cəfalara görə XX əsr Azərbaycan siyasi tarixinin ən önəmli simalarından birinə çevrilən Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzurdan seçilən millət vəkili, yazıçı, jurnalist Məhəmmədsadıq Aran barədə ölkəmizdə çap olunan ilk kitabdır” dedi.

Türklük və Güney Azərbaycan davamız davam edir

Yazımıza nöqtə qoymazdan öncə Məmmədsadıq Aranla bağlı iki vacib məqamı da vurğulamağı borc bilirik.

Bunlardan birincisi Güney Azərbaycanla bağlıdır. Belə ki, Məhəmmədsadıq Aran, 1942-ci ildə İstanbulda “Sənan Azər” təxəllüsü ilə “İran türkləri” kitabını çap etdirmişdi. Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu.

Məhəmmədsadıq Aran, həmçinin 1945–1946-cı ildə Güney Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələrin də müəllifidir.

Təqdimatdan daha bir foto
Təqdimatdan daha bir foto

Digər məqam isə Məhəmmədsadıq Aranın türkçülük ideyasına sadiqliyi ilə bağlıdır. O, mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı “Azəri türk”, “Türk yolu”, “Erkenekon” kimi dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar jurnalistlik fəaliyyətini Türkiyənin nüfuzlu “Ulus” və “Cümhuriyyət” qəzetlərində davam etdirmiş, uzun müddət həm də Ankaradakı Türk Kültürlərini Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmış, “Sənan” təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı. Həmin şeirlərdən birində “Erkenekon türküsü”ndə deyilir:

Hür yaşamaq üçün biz gəlmişik dünyaya
Vurğunuq əzəldən biz – ulduzla aya..
Türkük, bizim yurdumuz hər çağda hür olacaq,
Hər çağda sancağımız göydə dalğalanacaq…

Türkük.. Türkük…
Haqdır türkə hür yaşamaq!
Əldə ay-ulduzlu sancaq, Uca Tanrı yardımçımız
Haydı, qoş-qoş gün doğacaq!

Doğuldular Altaylarda ulu babalarımız,
Şənləndirdi dünyanı bizim obalarımız…
Tanrıtək “Tanrı dağları” bizim ana yurdumuz…
Çıxdıq Erkenekondan, yol açdı Boz qurdumuz…

Bəli, bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Erkenekondan çıxan, Boz qurdun yol açdığı türklər durduqca dünya şənlənəcək, Bir də, yüz il öncə olduğu kimi bu gün də bizim bir Güney Azərbaycan davamız var. Davamız qutlu olsun!

Son söz əvəzi isə onu qeyd edək ki, Azərabaycan Xalq Cümhuriyyətini quranlar Cümhuriyyətə o qədər sadiq olublar ki, Tanrı da onlara gözəl ölüm tarixi biçib. 28 may 1971-ci ildə 75 yaşında İstanbulda vəfat edən Məmmədsadıq Aran kimi….

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.