BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 13 yanvar – 15 fevral 2025-ci il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Nazirliyin müvafiq tibb müəssisələrinə göndərilir”.
Sonra xəbərdə, “Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədi ilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur” deyə bildirilir.
Namizədlər qəbul komissiyasına müraciət edərkən kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə); təhsil haqqında sənədin surəti (1 nüsxədə); doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); şəxsiyyət vəsiqəsinin surəti (1 nüsxədə); nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (şəxsiyyət vəsiqələri olmadıqda doğum haqqında şəhadətnamələrin surəti, 1 nüsxədə); 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə); qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış; hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə) sənədləri təqdim etməlidir.
Sənədlər qeyd olunmuş tarixlərdə, saat 09:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi 126 (Bakı Hərbi Məhkəməsinin yanı) ünvanında qəbul olunacaq.
Bildirək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Azərbaycan Ordusunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.
İlk şərhi yaza bilərsiniz